“Azərsu” dələduzluq edən şəxslə bağlı xəbərdarlıq etdi

“Azərsu” dələduzluq edən şəxslə bağlı xəbərdarlıq etdi

Abşeron rayonunda özünü Azərsu ASC-nin əməkdaşı kimi təqdim edərək vətəndaşlardan pul almağa cəhd edən şəxs peyda olub.

AzerTimes xəbər verir ki, bu barədə “Azərsu” məlumat yayıb.

Bildirilir ki, abonentlərdən biri tərəfindən çəkilmiş fotoşəkildən və araşdırmalardan sonra, həmin şəxsin əvvəllər Azərsu ASC-də çalışmış və sonradan işdən azad olunmuş Şahin Nadir oğlu Abbasov olduğu məlum olub.

“Ş.Abbasov Xırdalan şəhəri, Masazır, Qobu, Hökməli, Saray qəsəbələri və Atyalı ərazisində özünü Azərsu ASC-nin əməkdaşı kimi təqdim edib. O, daha çox debitor borcu olan abonentləri seçərək onlara borcun bir hissəsinin nağd şəkildə ödənilməsi müqabilində qalan hissəsinin tamamilə silinəcəyini bildirib. Bu yolla bir neçə abonenti aldatmağa müvəffəq olub”, – məlumatda deyilir.

Azərsu ASC abonentlərin diqqətinə çatdırır ki, bu cür qeyri-qanuni üsullarla debitor borcun silinməsi mümkün deyil və belə təkliflərə aldanmasınlar. Üstəlik mənzillərə yaxınlaşan və özünü Azərsu ASC-nin əməkdaşı kimi təqdim edən şəxslərdən mütləq qaydada xidməti vəsiqə tələb etsinlər. Xidməti vəsiqə təqdim etməyənlərin tələblərini yerinə yetirməsinlər və suallarını cavablandırmasınlar. Belə qeyri-qanuni əməllərlə rastlaşdıqda və şübhə doğuran hallarla qarşılaşdıqda dərhal 955 Zəng Mərkəzinə məlumat versinlər.

Abonentlərdən xahiş olunur ki, yaşadıqları ünvana yaxınlaşan Azərsu ASC-nin əməkdaşları da daxil olmaqla heç kimə nəqd pul ödəməsinlər, içməli və tullantı su xidmətlərindən istifadəyə görə ödənişləri internet üzərindən (azersu.az saytı, e-su.az portalı, müxtəlif ödəmə saytları), bank, poçt şöbələri, həmçinin ödəmə terminalları vasitəsilə həyata keçirsinlər.

Teqlər: