“Azərsu” ASC-yə yarım milyondan çox ziyan vuran şirkət rəhbəri azadlığa buraxıldı

Bakı Ağır Cinayətlər Məhkəməsində Bakıda oğurluqda
təqsirləndirilən Rabil Şahmarov və Ramel Cəfərovun barəsində olan
cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

AzerTimes-ın məlumatına görə, hakim Fikrət Qəribovun sədrliyi ilə
keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
MMəhkəmənin hökmü ilə hər iki şəxsə 2 il şərti cəza verilb,
R.Şahmarov məhkəmə zalından azadlığa buraxılıb.

İttiham aktına əsasən, “Nurşah” MMC-nin qanuni təmsilçisi və
direktoru olan R.Cəfərov və cəmiyyətin fəaliyyətinə rəhbərlik edən
R.Şahmarov xüsusilə külli miqdarda ziyan vurmaqla özgənin əmlakını
gizli olaraq talayıblar.

Belə ki, onlar Xəzər dənizində yerləşən “Böyük Zirə” adası
ətrafında batmış gəmilərin çıxarılması və qara metal qırıntısı kimi
təhvil verilməsinə köməklik göstərilməsi üçün 2020-ci ildə icarəyə
gəmilər götürüblər.

Daha sonra hər iki şəxs Xəzər dənizinə axıdılması məqsədi ilə
Hövsan akvatoriyasında dənizin dibi ilə bir-birinə qaynaq edilən
1970-1990-cı illərdə inşa olunmuş “Azərsu” ASC-yə məxsus, istifadə
üçün yararlı vəziyyətdə olan, diametri 1420 mm-lik metal boruları
dənizin dibində axtarış apararkən aşkarlayıblar. R.Şahmarovla
R.Cəfərov “Azərsu” ASC-nin xəbəri olmadan həmin boru xətlərini üzən
kran vasitəsilə dənizin dibindən çıxarıb, içərisinə hava
doldurmaqla suyun üzərində saxlayaraq yedək gəmilərin vasitəsilə
sahilə daşıyıblar.

Ümumilikdə onlar “Azərsu” ASC-yə (817, 98 metr uzunluğunda metal
boruları) 640 164 manat dəyərində ziyan vurublar.

İstintaq dövründə R.Şahmarov və R.Cəfərovun barəsində Cinayət
Məcəlləsinin 177.4-cü (Oğurluq, xüsusilə külli miqdarda ziyan
vurmaqla törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən
sui-istifadə) maddələri ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən R.Cəfərovun barəsində polisin nəzarəti altına
vermə qətimkan tədbiri, digərinin barəsində isə həbs qətimkan
tədbiri seçilib.

Teqlər: