“Azərpambıq ASK” MMC-də pambıq əkininə hazırlıq işləri uğurla davam etdirilir

Azərbaycan Respublikasının iqtisadi potensialından səmərəli istifadə və ixracyönümlü məhsul istehsalının təşviqi istiqamətində həyata keçirilmiş tədbirlər ənənəvi kənd təsərrüfatı sahələrinin inkişafında mühüm nəticələr əldə etməyə imkan verir. Son illərdə bu istiqamətdə qəbul edilmiş dövlət proqramlarının icrası aqrar sahədə sahibkarlığın inkişafını sürətləndirmiş, regionlarda əmək ehtiyatlarından, təbii iqtisadi resurslardan daha effektiv istifadə olunmasına, infrastrukturun müasirləşdirilməsinə və əhalinin məşğulluğunun artmasına zəmin yaratmışdır.

Aqrar sektorun strateji və ölkəyə valyuta gətirən mühüm sahələrindən biri olan pambıqçılıq əməktutumluluğuna və ümumi məhsul buraxılışının həcminə görə yüksək göstəriciləri ilə seçilir.

Azərbaycanda pambıq istehsalı üçün əlverişli təbii iqlim şəraitinin və ənənələrin mövcudluğu, həmçinin pambıq və ondan hazırlanan son məhsullar üzrə ixrac potensialı pambıqçılığın daha da inkişaf etdirilməsini zərurətə çevirir. Məhz buna görə pambıqçılığın inkişafına əlverişli şəraitin yaradılması ölkəmizdə aqrar siyasətin prioritet vəzifələrindən biri kimi müəyyən edilmişdir.

“Azərbaycan Sənaye Korporasiyası” ASC-nin rəhbərliyi tərəfindən pambıqçılıqda məhsuldarlığın artırılması mühüm vəzifə kimi qarşıya qoyulmuşdur. Bu gün qarşıda duran əsas hədəf pambığın becərilməsində intensiv texnologiyalardan istifadə etməklə məhsuldarlığı artırmaqdır. Eyni zamanda, yüksək məhsuldarlıq üçün torpaq və su resurslarından səmərəli istifadə edilməli, növbəli əkin tətbiq edilməlidir.

Təcrübə göstərir ki, yüksək məhsul götürmək üçün pambıq əkiləsi sahələrin şumu faraş və keyfiyyətli aparılmalı, qış aratına üstünlük verilməli, torpaq əkinə aqrotexniki qaydalara uyğun hazırlanmalı, aprel ayında növbəti ilin məhsulu üçün əkin aparılmalıdır. Bütün bunlar nəzərə alınaraq, qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsini təmin etmək məqsədilə “Azərpambıq ASK” MMC-nin Respublika ərazisindəki filiallarında pambığa yararlı sahələr seçilərək müqavilələrin bağlanmasına, pambıq əkini üçün şum aparılmasına başlanılmışdır.

Pambıq əkininə hazırlığın elmi əsaslarla aparılması üçün istehsalat sahəsinin aqronom və mexanizator heyətinə mütəmadi təlimatlar verilmiş, fermerlərlə müntəzəm görüşlər keçirilmişdir.

Cari ildə “Azərpambıq ASK” MMC-nin texnika parkı geniş spektrli aqrotexniki tədbirlərin həyata keçirilməsinə imkan verən güclü texnikalarla yenilənmiş, mövcud texnikaların sazlanması və təmiri üçün tələb olunan ehtiyyat hissələri ilə təchizat vaxtında həyata keçirilmişdir.

Hazırda Cəmiyyətin filialları üzrə 4295 nəfər fermer tərəfindən 23 711 ha torpaq sahəsində pambıq əkininin aparılması məqsədilə müraciətlər daxil olmuşdur. Artıq həmin torpaq sahələrinin 11 330 hektarına dair 1632 nəfər fermerlə rəsmi müqavilələr bağlanılmış, çöp doğrama işləri yekunlaşdırılmış və tarlalarda keyfiyyətli şum işləri aparılmaqla, sahələr əkin üçün tam hazır vəziyyətə gətirilmişdir. Müqavilələr bağlanılarkən torpaq sahələri və fermerlərə dair şirkətdə ötən illərdən toplanılmış məlumat bazası, torpaq sahəsinin məhsuldarlıq potensialı, ərazilərin suvarma suyu ilə təminat səviyyəsinə dair “Azərbaycan Respublikasının Kosmik Agentliyi (Azərkosmos)” publik hüquqi şəxs tərəfindən 2021-ci ildə təqdim edilmiş xəritə və mətn materialları təhlil edilir, torpaq sahələrinin ölçülərinin müəyyən edilməsi məqsədilə Qlobal Mövqetəyinetmə Sistemi (GPS) vasitəsilə çöl ölçmə işləri aparılır, əldə edilmiş məlumatlar kameral şəraitdə, şirkətdə yaradılmış Coğrafi İnformasiya Sistemlərində (CİS) yerləşdirilməklə bir-neçə pilləli yoxlamalar həyata keçirilir. Yoxlamaların məqsədi ötən illərdən fərqli olaraq, borclu fermerlərin aşkar edilməsi, məhsuldarlığı aşağı olan torpaq sahələrinin əkin dövriyyəsindən kənarlaşdırılması, onların əvəzində daha məhsuldar, suvarma mənbəyinə yaxın sahələrin pambıq əkinlərinə cəlb edilməsindən ibarətdir.

Qeyd etmək lazımdır ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə bu il müraciət edən fermerlərin sayı 1084 nəfər, müvafiq olaraq torpaq sahələri 7297 ha çoxdur. Müqavilə bağlanılmış fermerlərin sayı 1193 nəfər, torpaq sahəsi isə 9517 ha artıqdır. Müqavilə bağlanılmış torpaq sahələri tamamilə GPS vasitəsilə ölçülmüşdür.

Müəssisədə istehsalat və fermerlərlə iş sahəsində götürülmüş temp aqrotexniki tədbirlərin düzgün idarə edilməsi və əkin sahələrindən səmərəli istifadəsi nəticəsində bol və keyfiyyətli məhsul istehsalına şərait yaradacaqdır.


Teqlər: