“Azernews” Azərbaycan-Türkiyə arasında ilk birgə media layihəni təqdim etdi (FOTO)

Azərbaycanın ingilisdilli qəzeti olan “Azernews” və Türkiyənin nüfuzlu “Yeni Şafak” qəzeti Azərbaycan-Türkiyə media platforması çərçivəsində ilk birgə media layihəsinin icrasına başlayıb.

Bu gündən etibarən “Azernews” çap versiyasında həftədə bir dəfə qəzetin ayrıca səhifəsində “Yeni Şafak”ın tanınmış yazarları tərəfindən hazırlanmış aktual, siyasi, iqtisadi, sosial, mədəni xəbərləri oxucularına təqdim edəcək.

Layihənin məqsədi bütün sahələrdə uğurla davam edən Azərbaycan-Türkiyə əlaqələrinin media, informasiya mübadiləsi sahəsində də inkişaf etdirilməsi işinə tövhə verməkdir.

Bu layihə Trend İnformasiya Agentliyi və Türkiyənin “Albayrak Media Group”u ilə birgə yaradılan TURKİC.World (Türk Dünyası) adlı ilk rəqəmsal platforma çərçivəsində həyata keçirilir.


Qeyd edək ki, 1997-ci ildən fəaliyyət göstərən “Azernews” qəzeti özünə ingilisdilli böyük oxucu auditoriyası toplayıb. “Azernews” Ümumdünya Qəzet Assosiasiyasının (WAN-IFRA) üzvüdür. Qəzetin onlayn versiyası (www.azernews.az) da fəaliyyət göstərir. Qəzet ötən aydan etibarən əvvəl daha bir ilkə imza ataraq üç fərqli müasir dizaynda nəşr olunmağa başlayıb. Artıq ABŞ, Böyük Britaniya, Çin kimi dünyanın müxtəlif ölkələrində oxucular qəzeti bu yeni çap versiyasında oxuyurlar.

Eyni zamanda, “Azernews” qəzeti Fransada təsis olunmuş “Sparknews”-un yaratdığı “Impact Journalizm Day” beynəlxalq hərəkatına dəvət olunmuş və hərəkata daxil edilmişdir. 60 beynəlxalq media nümayəndəsini özündə birləşdirən hərəkatda “USA Today” (ABŞ), “Huffington Post” (ABŞ), “The Sunday Times” (Böyük Britaniya), “Le Monde” (Fransa) kimi nüfuzlu qəzetlər yer alır.

Teqlər: