“Azərkontrakt” və “Qazprom” təbii qazın mövsümi mübadiləsinə dair müqavilə imzalayıblar.
Trend bu barədə “Azərkontrakt” şirkətinə istinadən məlumat verir.
2013-cü ilə qədər qüvvədə olacaq müqavilə yay mövsümündə Azərbaycandan Rusiyaya, həmçinin qış mövsümündə Rusiyadan Azərbaycana analoji həcmdə qazın tədarükünü nəzərdə tutur.
Tədarük həcmi yay aylarında Azərbaycanda qaz hasilatı və istehlak səviyyəsindən asılı olacaq. Azərbaycan tərəfindən müvafiq həcmdə məhsulların qəbulu və göndərilməsi baxımından müqavilənin texniki icrasını Dövlət Neft Şirkəti (SOCAR) həyata keçirəcək.
Müqavilə tərəflərə öz neft-qaz infrastrukturundan optimal istifadə etməyə imkan verəcəkdir.
Ölkədə qaz hasilatının sürətlə artması fonunda Azərbaycan ölkə daxilində istehlak səviyyəsinin əhəmiyyətli dərəcədə artdığı qış mövsümü üçün öz təbii qazının əlavə həcmini tədarük etmək imkanı əldə edir.