“Azərişıq” şəbəkəyə qanunsuz qoşulma halları aşkarladı – Video

“Azərişıq” şəbəkəyə qanunsuz qoşulma halları aşkarladı – Video

Azərişıq ASC müxtəlif obyektlərdə və evlərdə elektrik enerjisinin talanması halları aşkarlayıb.

Qurumdan AzerTimes-a verilən məlumata görə, belə hallardan biri İsmayıllı rayonunda yerləşən marketdə aşkar edilib. Baxış zamanı məlum olub ki, obyektə elektrik sayğacından kənar xətt daxil olur.

Analoji hal Quba rayonunun Zərdabi qəsəbəsində fəaliyyət göstərən marketdə də aşkarlanıb.

Daha bir neqativ hal Lənkəran rayonunun Separadi kəndində şadlıq evinin sayğacına baxış zamanı müəyyən edilib. Restorana elektrik sayğacından kənar xətt daxil olduğu ortaya çıxıb.

Uçot dəstinə müdaxilələr obyektlərlə yanaşı, fərdi yaşayış evlərində də aşkar edilib. Xırdalan şəhərində abonentin sayğaca qanusuz müdaxiləsi müəyyən olunub. Belə ki, abonent sayğacın üzərinə maqnit yerləşdirib və beləcə hərəkət mexanizmini dayandırıb.

Növbəti belə faktlardan biri Xızı rayonu Şurabad qəsəbəsində fərdi yaşayış evində qeydə alınıb. Yeraltı xətt çəkilməklə uçot dəstinə qanunsuz qoşulmanın olduğu aşkarlanıb.

“Hər bir abonent bu məsələdə məsuliyyətli olmalıdır. Sayğaclara edilən qanunsuz müdaxilələr, elektrik veriliş xətlərinə uçotdan kənar qoşulmalar səbəbindən xətlər həddindən artıq yüklənir və nəticədə həmin xətlər boyunca elektrik enerjisinin keyfiyyəti azalır, gərginliyin aşağı həddə düşməsinə səbəb olur. Bu da istehlakçıların keyfiyyətli elektrik enerjisi ilə təmin etməyə maneələr yaradır. Ən əsası isə belə neqativ hallar insanların həyat və sağlamlığı üçün ciddi təhlükədir”, – deyə səhmdar cəmiyyəti bəyan edib.

Teqlər: