Xəbər - Fərid Zöhrabov – Trend:
“Azərişıq” ASC-nin Cənub Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) baş verən hadisə ilə bağlı bildiririk ki, Lənkəran şəhər sakini Əliyev Sabir bu gün səhər saat 08.05 radələrində idarə binasının yaxınlığına gələrək “Azərişıq” əməkdaşı, nəzarətçi-mühəndis Kərimov Raufa məxsus LADA (VAZ) 2115 markalı, 42 BO 756 dövlət nömrə nişanlı avtomobili yandırıb. Hadisəni törədən şəxs hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
ASC-dən AzerTimes-a verilən məlumata görə, hadisəni törədən Lənkəran şəhər sakini Əliyev Sabirə məxsus dülgər sexində hələ 2020-ci ilin aprel ayında sayğaca baxış keçirilən zaman kənar xətdən istifadə (oğurluq) etdiyi aşkarlanıb və ona nəzarətçi-mühəndis Kərimov Rauf tərəfindən akt yazılıb. Daha sonra “Azərişıq” ASC əməkdaşı həmin abonent tərəfindən fiziki təzyiqə məruz qalıb. Həmin şəxsin bu əməli ilə bağlı hələ o vaxt yerli polis orqanına müraciət edilib. Sonradan məhkəmə zamanı tərəflər arasında barışıq elan olunub.
Onuda qeyd edək ki, yanğın zamanı əməkdaşımız Rauf Kərimova məxsus avtomobil, həmçinin özünə və ailəsinə aid sənədlər tamamilə yanıb. Əməkdaşımız özü isə ikinci dərəcəli yanıq xəsarəti alıb və dərhal həkimə çatdırılıb.
Hadisənin araşdırılıb ciddi tədbir görülməsi ilə bağlı “Azərişıq” ASC tərəfindən hüquq mühafizə orqanlarına müraciət edilib.