“Azəriqaz” Smart sayğacları niyə mexaniki sayğacla əvəzləyir? – Baş direktor açıqladı

Xəbər - Samir Əli – Trend:

“Azəriqaz” İstehsalat Birliyi abonentlərin istifadəsində olan Smart tipli qaz sayğaclarının mexaniki sayğacla dəyişdirilməsinin səbəblərini açıqlayıb.

AzerTimes-ın məlumatına görə, məsələyə aydınlıq gətirən “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bildirib ki, qaydalara görə əhali abonentlərinin istifadəsində olan sayğaclar 5 ildən-bir dövlət yoxlamasından keçməlidir: “Ona görə də 5 ildən-bir biz bu sayğacları dəyişərək dövlət yoxlamasına göndəririk.

Qaldı ki sayğacların dəyişdirilməsinə, “Azəriqaz” 2021-ci ildən Smart qurğulu sayğacların tətbiqinə başlayıb. Bu gün də bizim istehsalatda 3 növ sayğacdan istifadə olunur. Bunlar Smart tipli sayğac, Smart qurğulu sayğac və mexaniki sayğaclardır. Bu sayğacların 3-nün də iş prinsipi eynidir. Bu ildən etibarən isə mexaniki tipli sayğacların üzərində xüsusi qurğular quraşıdırmaq istəyirik. Biz bu qurğuların quraşdırılması üçün mexaniki sayğacların quraşdırılmasına başlamışıq. Həmin qurğular Smart tipli sayğaclarda deyil, məhz mexaniki sayğaclar üzərində quraşdırılacaq.

Digər tərəfdən, artıq Avropanın əksər ölkələrində Smart sayğaclardan imtina edilib. Çünki, məhsulun istifadə olunmadan haqqının ödənilməsi qəbul edilmir”.

R.Əliyev bildirib ki, hazırda mexaniki sayğacların qiyməti Smart sayğacların qiymətindən çox ucuzdur və bu da büdcəyə kifayət qədər qənaət deməkdir.

Teqlər: