“Azərikimya” İB-nin Etilen-polietilen zavodunda yenidənqurma layihəsinin əsas mərhələsi başa çatıb

SOCAR-ın Azərbaycanda qeyri-neft sektorunun inkişafında önəmli
rola malik “Azərikimya” İB-nin Etilen-polietilen zavodunda
genişmiqyaslı modernizasiya və yenidənqurma layihəsinin əsas
mərhələsi uğurla başa çatıb.

AzerTimes-ın məlumatına görə,
görülən işlərlə tanışlıq məqsədilə 2022-ci ilin 13 may tarixində
ölkəmizin bir sıra aparıcı KİV nümayəndələri üçün SOCAR-ın Sumqayıt
şəhərində yerləşən “Azərikimya” İstehsalat Birliyinin
Etilen-polietilen zavoduna press-tur təşkil olunub.

Press-tur zamanı işlərin Azərbaycan Respublikası Prezidentinin
2014-cü il 26 dekabr tarixli Sərəncamı ilə təsdiq edilmiş
“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci
illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçirildiyi qeyd
edilib.

Məlumat verilib ki, əsas mərhələdə bir neçə yeni müasir
texnoloji qurğu, avtomatik idarəetmə mərkəzləri,yeni
sobalar,tutumlar və anbarlar inşa olunub. Burada, həmçinin
istismarda olan bir sıra köhnə qurğular əsaslı şəkildə yenidən
qurulub. Yeni və rekonstruksiya olunmuş qurğularda isə avtomatik
idarəetmə sistemlərinə keçirilib, zavodun elektrik təchizatı
sistemi və köməkçi qurğular təkmilləşdirilib.

Yenidənqurma layihəsinin əsas hissəsinin uğurla tamamlanması ilə
yanaşı, “Azərikimya” İB-də müəssisənin dayanıqlı və marjinal
istehsalatının təmin olunması məqsədilə bir sıra digər işlər də
həyata keçirilir. Belə ki, yenidənqurma layihəsi ilə yanaşı,
aparılan və artıq sazlama işləri görülən “Yeni yüksək gərginlikli
yarımstansiyanın tikintisi” və mövcud “su soyutma qurğusunun
genişləndirilməsi” layihələri də yekun fazadadır və bu qurğuların
cari ilin ikinci rübündə istismara verilməsi planlaşdırılır.

Etilen-polietilen zavodunda həyata keçirilən iri layihələrdən
biri də Buxar Elektrik Enerjisi İstehsalatında mövcud qurğuya əlavə
Yeni Buxar Turbogenerator qurğusunun quraşdırılmasıdır. Layihənin
məqsədi zavodu elektrik enerjisi ilə təmin edən BEEİ enerji
effektivliyini və istehsal gücünü artırmaqdır. Bu layihənin cari
ilin üçüncü rübündə tamamlanması nəzərdə tutulur.

Zavodda yenidənqurma işlərinə Sumqayıt şəhərindən və ətraf
regionlardan təxminən 2 mindən çox əlavə mütəxəssis cəlb olunub.
Layihədə çalışan ümumi işçi qüvvəsinin 94 faizi yerli
mütəxəssislərdən ibarət olub. Ümumilikdə layihəyə dünyanın təxminən
50 ölkəsini təmsil edən 50-dən çox istehsalçı və podratçı şirkət
cəlb edilib.

Press-tur zamanı qeyd olunub ki, layihənin uğurlu icrası
ölkəmizdə qeyri-neft sektorunun inkişaf perspektivləri nəzərə
alınaraq zavodun istismar müddətinin uzadılmasını, həmçinin
“Azərikimya” İB-də əsas məhsullar üzrə faktiki istehsal həcmlərinin
iki dəfə, bəzi məhsullar üzrə isə üç dəfə artmasını, EP-300
istehsalatında bir sıra qurğuların etibarlılığının və
səmərəliliyinin yüksəldilməsini, həmçinin “SOCAR Polymer” zavodunun
dayanıqlı xammal ilə təchizatını təmin edəcək. Zavodun Buxar
Elektrik Enerjisi İstehsalatında mövcud qurğuya əlavə Yeni Buxar
Turbogenerator qurğusunun quraşdırılması ilə zavodda elektrik
enerjisinin istehsalı iki dəfədən çox artacaq, beləliklə,
“Azərikimya” İB enerji tələbatını öz imkanları hesabına tam
ödəyəcək, qurğunun istehsal etdiyi izafi elektrik enerjisinin isə
şəbəkə üzərindən SOCAR-ın digər müəssisələrinə və eləcə də Sumqayıt
şəhərinin digər elektrik enerjisi istehlakçılarına ötürülməsinə
imkan yaranacaq.

Teqlər: