Xəbər - Nəzrin İsrafilova – Trend:
“AzeriCard” prosessinq mərkəzi 2022-ci ilin ikinci rübünün sonunda genişləndirilmiş formada təmassız ödənişlər sistemini işə salacaq.
Bunu Trend-ə “AzeriCard” MMC-nin baş direktoru Fərid Quliyev deyib.
“AzeriCard” təmassız ödənişlər alyansı çərçivəsində biz yeni məhsullar hazırlayırıq və bunlar vasitəsilə yekun istehlakçıya xidmətlərin ödənişi, məsələn dövlət xidmətlərinin fiziki kartlar olmadan ödəniş üçün imkanlar yaradacağıq. Biz bu layihəni 2019-cu ildə pilot mərhələdə işə salmışdıq. 2022-ci ilin ikinci rübünün sonunadək bunun genişləndirilmiş şəkildə işə salınması planlaşdırılır”, – deyə o bildirib.
Onun sözlərinə görə, “AzeriCard” 2022-ci ildə ənənəvi biznesə əlavə olaraq yeni ödəniş vasitələri tətbiq etmək niyyətindədir.
“Bu, təmassız ödəniş texnologiyalarıdır. Burada biometrik məlumatlar, avtomobillərin dövlət qeydiyyat nömrəsi kimi müxtəlif identifikasiya vasitələri tətbiq oluna bilər. Bu, bizim üçillik strategiyamızın vacib istiqamətidir. “AzeriCard” təmassız ödənişlər alyansının inkişafı və bu alyansın iştirakçılarının birgə səyləri ilə yeni ödəniş alətlərinin yaradılması bu istiqamətə daxildir”, – F.Quliyev deyib.
(Tərcümə: Orxan Nəbiyev)