“Azəri Mərkəzi Şərqi” layihəsi üzrə işlərin 65 faizi tamamlanıb

Xəbər - Ləman Zeynalova – Trend:

2021-ci ilin sonunda “Azəri Mərkəzi Şərqi” (ACE) layihəsi üzrə işlər ümumilikdə 65% tamamlanıb.

Trend bu barədə bp-nin hesabatına istinadən məlumat verir.

Qeyd olunur ki, hazırda layihənin icrası üzrə işlər ən yüksək həddədir və bu işlərə Bakı, Avropa və Böyük Britaniyada 5500 nəfər insan cəlb olunub. Onların əksəriyyəti Azərbaycan vətəndaşlarıdır.

“İl ərzində ACE layihəsi, eləcə də bp-nin icraçısı olduğu digər fəaliyyətlər, plana uyğun şəkildə irəliləyib. İlin sonunda axırıncı iri avadanlıq yükləri Bakıya çatdırılıb və beləliklə, ACE layihəsi üçün lazım olan bütün avadanlıqların daşınması işləri başa çatıb”, – hesabatda deyilir.

Platformanın üst modullarının və qazma avadanlıqlarının istehsal-quraşdırma işləri Bibiheybətdəki tikinti sahəsində irəliləməklə davam edib. Ümumilikdə, layihə üzrə mühəndis-layihə, tədarük və istehsal-quraşdırma işləri ACE-dən ilk hasilatı 2023-cü ildə əldə etmək qrafikinə uyğun davam edir.


Qeyd edək ki, AÇG-də iştirak payları aşağıdakı kimidir: bp (30,37%), SOCAR (25,0%), MOL (9,57%), İNPEKS (9,31%), Ekvinor (7,27%), EksonMobil (6,79%), TPAO (5,73%), İTOÇU (3,65%), ONGC Videş Limited (OVL) (2,31%).

Twitter: @Lyaman_Zeyn

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: