Azeri Light-ın qiyməti 100 dollara yaxınlaşır – SOCAR artım faktorları haqqında

Xəbər - Ləman Zeynalova – Trend:

Fevralın 4-də İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın “Azeri Light” markalı neftinin qiyməti əvvəlki göstəricidən 4,23 dollar artaraq 99,3 dollar/barel təşkil edib. Türkiyənin Ceyhan limanında FOB bazisi üzrə isə “Azeri Light” markalı neftin bir barelinin qiyməti 4,23 dollar artaraq 98,39 dollar təşkil edib.

SOCAR-ın Tədbirlər və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəis müavini İbrahim Əhmədov qiymət artımı amilləri barədə AzerTimes-ın suallarına cavab olaraq bildirib ki, “Azeri Light” markalı neftin qiyməti bu və ya digər şəkildə bazarın konyunkturundan və neftin etalon növlərinin qiymətlərindən asılıdır.

“Ümumiyyətlə, neftin qiymətinin son zamanlar bahalaşması ilk növbədə dünyada epidemioloji vəziyyətin yaxşılaşması və qlobal iqtisadiyyatın bərpası ilə bağlı tələbatın artması ilə bağlı olub. Digər tərəfdən, neft istehsalçıları qısa zaman ərzində istehsalı pandemiyadan əvvəlki hasilat səviyyəsinə artıra bilmirlər. Son günlər enerji resurslarının bahalaşması müəyyən dərəcədə geosiyasi risklərlə bağlı olsa da, qiymət artımının hələ dünyada geosiyasi vəziyyətin gərginləşməsindən əvvəl də olduğu göz qabağındadır”, – İ. Əhmədov bildirib.


Onun sözlərinə görə, bunun əsas səbəbi neft hasilatının nisbətən ləng artmasıdır və bu, son illərdə yeni yataqların işlənməsi və kəşfiyyatına qoyulan investisiyaların səviyyəsinin azalması ilə bağlıdır.

“Neftin qiymətində azalma olanda investisiyalar azalır, hasilat azalır – nəticədə neft qıtlığı yaranır və onun qiyməti yenidən qalxır. Müəyyən müddətdən sonra bazarda neft artıqlaması yarandıqda, təsvir olunan dövr yenidən təkrarlanır”, – SOCAR nümayəndəsi əlavə edib.

Teqlər: