“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən Prezident İlham Əliyevin Fərmanı ilə ərazi bütövlüyümüzün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə yaradılmış “YAŞAT” Fonduna ianə edilib. “AzerGold” QSC-nin Korporativ Sosial Məsuliyyət Komitəsi tərəfindən aylıq 25 min manat məbləğində olmaqla, il ərzində ümumilikdə 300 min manat məbləğində vəsaitin ianə edilməsinə dair qərar qəbul edilib. Beləliklə, yanvar ayı üçün nəzərdə tutulmuş vəsaitin Fondun hesabına köçürülməsi təmin edilib.
Cəmiyyətin Sosial Təsir və Məsuliyyət üzrə Siyasəti çərçivəsində edilən ianə dövlətin şəhid və ərazi bütövlüyümüzün müdafiəsi uğrunda yaralananların ailələrinin sosial müdafiəsi proqramlarına dəstək xarakteri daşımaqla yanaşı, həmin ailələrin qayğı ilə əhatələnməsinə xidmət edir.
Xatırladaq ki, şanlı qələbə ilə nəticələnən Vətən müharibəsində Cəmiyyətin 8 nəfər əməkdaşı ordu sıralarına cəlb edilib, baş leytenant Muxtar Qasımlı və baş leytenant Rauf Əsgərov Füzuli rayonun azad edilməsi istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıblar. “AzerGold” QSC olaraq Vətən müharibəsində şəhid olan bütün hərbçilərimizi qürurla anır, onların ailələrinə, yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik.