“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin
sədri Zakir İbrahimovun başçılıq etdiyi nümayəndə heyəti Türkiyənin
“Çiftay” dağ-mədən və tikinti şirkətinin “Öksüt” qızıl mədəninə
səfər edib. İşgüzar səfər Azərbaycan Respublikası İqtisadiyyat
Nazirliyinin tabeliyində Dördüncü Sənaye İnqilabının Təhlili və
Koordinasiya Mərkəzinin (4SİM) təşəbbüsü və iştirakı, Türkiyənin
Metal Sənayeçiləri Birliyini (MSB) təmsil edən MEXT Texnoloji
Mərkəzi və onun tərəfdaşı “KoçDigital” şirkətinin təşkilati dəstəyi
ilə həyata keçirilib.
Kayseri şəhərində yerləşən və Kanadanın “Centerra Gold” şirkəti
tərəfindən istismar edilən qızıl mədənində istehsalatın
avtomatlaşdırılması prosesi ilə bağlı tətbiq edilən
texnologiyalarla yaxından tanışlıq və işgüzar əlaqələrin
genişləndirilməsi məqsədi daşıyan səfər çərçivəsində istehsal
müəssisəsində səmərəlilik əmsalının artması, əsas keyfiyyət
göstəricilərinin dəyərləndirilməsi istiqamətində təcrübə mübadiləsi
məqsədilə dördtərəfli görüş keçirilib. Görüşdə Cəmiyyətin istehsal
proseslərinin innovativ həllərin və müasir texnologiyaların tətbiq
edilməsi ilə avtomatlaşdırılması üzrə potensial əməkdaşlıq
perspektivləri və bu çərçivədə atılacaq növbəti addımlar müzakirə
edilib.
Qeyd edək ki, fəaliyyətə başladığı dövrdən müxtəlif istiqamətlər
üzrə innovativ yenilikləri tətbiq edən və daim təkmilləşdirən
“AzerGold” QSC mütəmadi qaydada maddi-texniki bazasını çağdaş
dövrün texniki tələblərinə uyğun olaraq yeniləyir. İnnovativ
yanaşmalar təkcə istehsal prosesinin səmərəliliyini artırılması
məqsədilə deyil, biznesin inkişafı, işçilərin sağlamlığının
qorunması, əməyin təhlükəsizliyinin təmin edilməsi, ətraf mühitin
mühafizəsi və digər fəaliyyət istiqamətləri üzrə də tətbiq edilir.
Bu məqsədlə İqtisadiyyat Nazirliyinin tabeliyində 4SİM ilə
Türkiyənin MSB-yi arasında ötən ilin sonu imzalanmış anlaşma
memorandumu çərçivəsində MEXT Texnoloji Mərkəzi və “KoçDigital”
şirkəti ilə birgə rəqəmsal savadlılığın təşviqi, ağıllı istehsal
proseslərinin qurulması, istehsalat sahələrinə qarşılıqlı
səfərlərin təşkili və s. kimi əməkdaşlıq istiqamətləri üzrə müvafiq
addımlar atılır.