“AzerGold” QSC-nin kollektivi Xocalı soyqırımı qurbanlarının xatirəsini yad edib (FOTO)

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti və Azərbaycan İstiqlal
Muzeyinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu
ildönümünə həsr olunmuş tədbir keçirilib.

Səhmdar Cəmiyyətin kollektivi əvvəlcə qədim zamanlardan müasir
dövrümüzə qədər Azərbaycan xalqının tarixi-mədəni, ictimai-siyasi
həyatındakı mühüm hadisələri və xalqımızın azadlığı uğrunda
mübarizə aparan fədailərin həyat yolunu əks etdirən eksponatlar,
foto və arxiv sənədləri ilə tanış olub, daha sonra Azərbaycan
Respublikasının Xalq rəssamı Xanlar Əhmədovun incəsənət
əsərlərindən ibarət sərgini ziyarət edib. Soyqırımının 30-cu
ildönümünə ithaf olunmuş “Cinayətin cəzası” adlı sərgi barəsində
iştirakçılara ətraflı məlumat verilib.

Tədbirdə faciə qurbanlarının xatirəsi anılıb və xüsusi
amansızlıqla törədilən Xocalı soyqırımının mahiyyəti və dəhşətli
faktlardan söz açılıb. Bəşəriyyət tarixində insanlıq əleyhinə
yönəlmiş ən qanlı cinayət əməllərindən hesab edilən Xocalı
qətliamının əsl niyyətinin Azərbaycan xalqını sarsıtmaq, suverenlik
və ərazi bütövlüyü uğrunda mübarizədən çəkindirməklə torpaqlarımızı
zorla ələ keçirmək olduğu vurğulanıb. 44 günlük Vətən müharibəsində
müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə
şanlı Azərbaycan Ordusu tərəfindən ölkəmizin ərazi bütövlüyü,
müstəqilliyi uğrunda canlarını qurban verən bütün şəhidlərimizin,
xüsusilə də Xocalı qurbanlarının qisasının döyüş meydanında böyük
qəhrəmanlıqla alındığı qeyd edilib.


Tədbirin sonunda 1992-ci ildə baş vermiş qanlı hadisədən bəhs
edən “Dərdimi çəkirəm” sənədli filmi nümayiş olunub.

Teqlər: