“AzerGold” Qapalı Səhmdar Cəmiyyətində (QSC) geologiya elminin və dağ-mədən sahəsinin inkişafında mühüm xidmətlər göstərmiş geoloqlarla görüş keçirilib.
5 iyul – Cəmiyyətin fəaliyyətə başlamasının 5-ci ildönümünə təsadüf edən görüş öncəsi “AzerGold”un kollektivi Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edərək, xatirəsini dərin ehtiramla yad edib, abidəsi önünə əklil qoyub. Həmçinin, akademik Zərifə xanım Əliyevanın məzarı önünə gül dəstələri düzülüb, Şəhidlər xiyabanında xalqımızın azadlığı və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən Vətən övladlarının əziz xatirəsi anılıb.
Görüşdə çıxış edən “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov dağ-mədən sənayesinin hər bir ölkənin iqtisadi inkişafını şərtləndirən əsas fəaliyyət sahələrindən biri olduğunu qeyd edib. Bildirilib ki, ölkəmizdə sənayenin müstəqil bir sahəsi kimi dağ-mədən sektorunun tərəqqisi Ümummilli lideri Heydər Əliyevin misilsiz xidmətləri ilə bağlıdır. Ulu öndərin istər Sovet Azərbaycanına, istərsə də müstəqil Azərbaycan Respublikasına rəhbərliyi dönəmində atılan bir sıra vacib addımlar, onun layiqli davamçısı möhtərəm cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi ardıcıl siyasət kursunun effektiv nəticələri ölkə iqtisadiyyatının bütün sahələrində olduğu kimi dağ-mədən sənayesinin dayanıqlı və dinamik inkişafı istiqamətində də özünü göstərməkdədir.
İdarə Heyətinin sədri Cəmiyyət üçün əlamətdar olan 5 iyul tarixinin ölkəmizin zəngin təbii resurslarının araşdırılması və geologiya elminin tədris edilməsi istiqamətində əvəzsiz xidmətlər göstərmiş dəyərli ziyalılarımıza verilən yüksək dəyərdən qaynaqlandığını bildirib. Tədbirdə iştirak edən və Cəmiyyətin “Çovdar” qızıl, “Filizçay” polimetal yataqlarının kəşfi, eləcə də tədqiq edilməsinə töhfə vermiş görkəmli geoloqlar – Şahbəddin Musayev, Müzahim Piriyev, Ələkbər Əhmədov və digərlərinə minnətdarlıq ifadə olunub, həmçinin bu və digər yataqların kəşfi və tədqiqində böyük xidmətləri olmuş mərhum geoloqlarımız hörmətlə xatırlanıb. Bu xüsusda görüşdə “Filizçay” yatağının tədqiqində əvəzsiz xidmətləri olmuş dəyərli alim, geologiya-mineralogiya üzrə elmlər doktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, mərhum Tofiq Abdulla oğlu Həsənov ehtiramla yad edilib. Zakir İbrahimov Böyük Qafqazın cənub yamacında “Filizçay” polimetal yatağının plinsbax yaşlı olmasını müəyyən edən Tofiq Həsənovun geologiya elminə böyük töhfələr verdiyini qeyd edib. İdarə Heyətinin sədri “Filizçay” yatağında yayılan filiz daşıyıcı süxurların və filizləşmənin dəqiq yaşını ilk dəfə məhz T.Həsənov tərəfindən müəyyən edilməsinin həmin regionda yerləşən digər yataqların tədqiqi üçün də böyük imkanlar yaratdığını diqqətə çatdırıb. O, bu gün böyük fəxr hissi ilə adları çəkilən qocaman alimlərin başlatdığı uğurlu yolun onların davamçıları, yeni geoloq nəsili tərəfindən uğurla davam etdirildiyini vurğulayıb.
Sədr, həmçinin dövlət şirkətinin 5 ildə əldə etdiyi uğurlardan və qarşıda duran vəzifələrdən bəhs edib. Bildirilib ki, Azərbaycanın son 20 ildə əldə etdiyi iqtisadi-siyasi uğurlar ölkəmizin təkcə regional səviyyədə deyil, qlobal miqyasda da rolunun artması irihəcmli iqtisadi layihələrin icrasına, ümumilikdə iqtisadiyyatın bütün sahələrinin tərəqqisinə birbaşa təsir edib. Bu məqam dağ-mədən sektoruna da təsirsiz ötüşməyib.
İdarə Heyətinin sədri əlavə edib ki, 2016-cı ildə fəaliyyətə 1 mədənin – “Çovdar” qızıl mədənin istismarından başlayan Cəmiyyət hazırda 2 mədəndə hasilat işləri aparır. Qısa dövrdə “Ağyoxuş” yataqlar qrupu və “Mərəh” qızıl yatağının kəşf edilməsinə nail olunub. AnchorÜmumilikdə Cəmiyyət “Ağyoxuş” və “Mərəh” də daxil olmaqla “Çovdar” əlvan metal filizi yataqlar qrupuı, “Köhnəmədən” sahəsi, Naxçıvan Muxtar Respublikasındakı qızıl və mis yataqları (“Göydağ” sahəsi) və “Daşkəsən” dəmir filizi yataqları qrupu üzrə kəşfiyyat işlərini davam etdirir. Qarşıdakı illərdə həmin yataq qrupları üzrə yeni mədənlərin istismara verilməsi planlaşdırılır.
Zakir İbrahimov tək bir mədənin – Daşkəsəndə yerləşən “Çovdar” qızıl mədənin istismarı nəticəsində bugünədək əlvan metal ixracından ölkə iqtisadiyyatına 639 milyon manatdan çox vəsait cəlb edildiyini qeyd edib. Cəmiyyətin göstəricilərinin uğurlu maliyyə siyasəti ilə birbaşa bağlı olduğu bildirən sədr bunun əyani nümunəsi kimi hazırda şirkətin heç bir bank krediti öhdəliyinin olmadığını vurğulayıb. Z.İbrahimov “AzerGold”un bitmək üzrə olan maliyyə auditinin ilkin nəticələrinə əsasən Səhmdar Cəmiyyət öz səhmdarı olan dövlətə ilk dəfə dividend ödənilməsini həyata keçirəcəyi haqqında da məlumat verib.
Sədr bundan sonrakı dövrdə də Cəmiyyətin qarşıya qoyulan hədəflərə nail olacağına, xüsusilə qarşıdakı dövrlərdə digər mədən sahələrinin istismara verilməsi, yeni iş yerlərinin yaradılması ilə bölgələrin sosial-iqtisadi mənzərəsinin daha da yaxşılaşdırılması istiqamətində ciddi uğurlara imza atacağına əmin olduğunu bildirib.
Daha sonra çıxış edən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əli Əliyev “AzerGold”un 5 il ərzində geoloji kəşfiyyat və hasilatın səmərəliliyinin artırılması istiqamətində gördüyü işlərdən danışıb. Əli Əliyev Cəmiyyət tərəfindən reallaşdırılan tədqiqat işləri nəticəsində istismarına hazırlıq görülən yataqların əlvan metal resurslarının qəbul edilmiş beynəlxalq standartlara əsasən, ümumilikdə 24 dəfə artırılmasını yüksək qiymətləndirib.
Daha sonra “AzerGold” QSC-nin Geologiya şöbəsinin müdiri Şahbəddin Musayev, Zaqatala-Balakən filiz rayonunda aşkarlanmış “Qələbə” polimetal filizləri təzahürünün ilk kəşfçilərindən biri, tanınmış geoloq Ağamahmud Səmədov və digər qocaman geoloqlar çıxış ediblər. Müzakirə formatında keçirilən görüşdə şirkətin fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub, Azərbaycanın dağ-mədən sənayesinin hazırki vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Tədbirin sonunda “AzerGold” QSC-nin 5 illik yubileyi münasibətilə bu illər ərzində Səhmdar Cəmiyyətlə fəal əməkdaşlığına görə qocaman geoloqlara təşəkkürnamə və xatirə hədiyyələri təqdim edilib.