“AzerGold” 2029-cu ilədək 10 yatağın istismara verilməsini hədəfləyir – Sədr müavini

“AzerGold” 2029-cu ilədək 10 yatağın istismara verilməsini
hədəfləyir.


Trend
-in məlumatına görə, bunu “AzerGold” QSC-nin sədr müavini
Xəyyam Fərzəliyev “Faydalı qazıntıların kəşfiyyatı və dağ-mədən
sənayesinin əsasları” kitabının təqdimat mərasimində deyib.

X.Fərzəliyev qeyd edib ki, 2017-ci ildə Cəmiyyətin 179 min qızıl
ekvivalentində unsiya olaraq hesablanmış metal ehtiyatları 4,4
milyon qızıl ekvivalentində unsiya qədər, yəni 24 dəfə
artırılıb.

“Cəmiyyətin strateji planına əsasən, yeni “greenfield”
layihələri ilə yanaşı, 2022-ci ildən 2029-cu ilədək 4 qızıl, 1
polimetal, 3 mis və 2 dəmir filizi yatağı olmaqla, ümumilikdə 10
yatağın istismara verilməsini hədəfləyir.

Yeri gəlmişkən, ötən ildən Cəmiyyətimiz işğaldan azad edilmiş
ərazilərdə mövcud olan əlvan metal yataqları ilə bağlı aparılan
araşdırmalar çərçivəsində Tutxun çayı hövzəsində yerləşən eyniadlı
qızıl təzahürü sahəsində müvafiq işlərə başlayıb. “Tutxun” sahəsi
və cinah ərazilər – Oruclu, Başlıbel, Xanlanlı, Əsrik və digər
sahələrdə nəcib metalların mərhələli axtarışı məqsədi ilə hazırda
müvafiq prosedurlar icra edilir. Yataq üzrə 2021-2024-cü illəri
əhatə edən geoloji kəşfiyyat proqramı çərçivəsidə süni peyklərdən
alınan hiperspektral görüntülərin işlənilir, müasir normalara cavab
verən məsafədən (qeyri-invaziv) tədqiqatlar yerinə yetirilir.
Gələcəkdə buruq-qazma və digər geoloji kəşfiyyat işlərinin icra
edilməsi üçün sözügedən ərazilərin mina və partlamamış hərbi
sursatlardan tam olaraq təmizlənməlidir. Bu istiqamətdə də paralel
olaraq, müvafiq qurumlar tərəfindən zəruri addımlar atılır”, –
X.Fərzəliyev vurğulayıb.

Teqlər: