“Azərenerji” və “Azərişıq” açıq səhmdar cəmiyyətləri 27 sentyabr şəhidlərin anım günündə ağacəkmə aksiyası keçirib.
AzerTimes xəbər verir ki, bu barədə hər iki qurumun birgə məlumatında deyilir.
Bildirilir ki, bir il əvvəl 44 günlük müharibə ərəfəsində tikintisinə başlanılan, hazırda tamamlanma işləri görülən “Qobu” Enerji Qovşağının qarşısında hər şəhidin adına bir ağac əkilib.
Burada “Azərenerji”nin rəhbəri Baba Rzayev və “Azərişıq”ın sədri Vüqar Əhmədovun da iştirak etdiyi ağacəkmə aksiyasında ümumilikdə 500-dək əməkdaş iştirak edib. Saat 12.00-da isə Vətən Müharibəsi şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla anılıb. 3000-ə yaxın ağacın əkilməsi günün sonuna qədər yekunlaşdırılacaq.
Qeyd edək ki, Vətən müharibəsi zamanı “Azərenerji” və “Azərişıq”ın yüzlərlə əməkdaşı könüllü olaraq döyüşlərdə iştirak edib. Onlardan 8 nəfəri qəhrəmancasına şəhid olub.
“Azərenerji” və “Azərişıq” kollektivləri səhmdar cəmiyyətlərin şəhid olan əməkdaşları da daxil olmaqla bütün şəhidlərin ruhu qarşısında baş əyir və Allahdan onlara rəhmət diləyirlər.