“Azərenerji” ASC Bakıda qanunsuz tikililərlə bağlı açıqlama yayıb.
ASC-dən AzerTimes-a daxil olan açıqlamada deyilir:
“Bu gün bir qrup şəxs Ziya Bünyadov prospektində yolu bağlayaraq “Azərenerji” tərəfindən onlara məxsus torpaq sahəsindən çıxarılacaqları ilə bağlı təzyiqlər olduğunu iddia ediblər.
Nəzərinizə çatdırırıq ki, qeyd edilən ərazi “Azərenerji” ASC-nin Bakı Elektrik Şəbəkəsinin balansında olan 110 kV-luq Yüksək Gərginlikli hava xəttinin mühafizə zonasıdır. Bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 103 saylı, 10.06.2005-ci il tarixli qərarına əsasən Yüksək Gərginlikli hava xəttinin mühafizə zonalarının vətəndaşlar tərəfindən zəbt edilməsi qanunaziddir və belə pozuntular cinayət məsuliyyətidir.
Qeyd edilən ərazidə müxtəlif vaxtlarda bir sıra səbəblərdən dəfələrlə yanğınlar olub, xətlərdə açılmalar baş verib, minlərlə abonent işıqsız qalıb.
Ərazi ötən illərdə bir sıra aidiyyatı qürumların laqeydliyi nəticəsində heç bir hüquqverici sənəd olmadan, qanunsuz olaraq müəyyən şəxslər tərəfindən zəbt edilmiş və bu səbəbdən xətlərdə baş vermiş qəzaların aradan qaldırılmasında ciddi çətinliklər yaranmışdır. Cari ilin sentyabr ayının əvvəllərində xətlərə təxirəsalınmaz texniki xidmətlərin göstərilməsi üçün ərazi qanunsuz ticarət obyektlərindən boşaldılmışdır.
Lakin bir neçə gün əvvəl özlərini Qarabağ qazisi kimi təqdim edən, əvvəllər tanımadığımız bir neçə şəxs qapalı ərazinin darvazasını sındırmış, əraziyə daxil olaraq boş ərazidə qanunsuz tikinti işlərinə başlamışlar. Qanunsuz hərəkətlərinin dayandırılması ilə əlaqədar əməkdaşlarımızın dəfələrlə edilmiş xahişlərinə məhəl qoyulmamış, işlər davam etdirilmişdir.
Qazilərimiz bütün Azərbaycan xalqının dəyərli övladlarıdır. Onları qorumaq, qayğılarına qalmaq hər birimizin borcudur. “Azərenerji” ASC-də işləyən və torpaqlarımızın işğaldan azad olunmasında xidməti olan bütün Qarabağ müharibəsi iştirakçıları, qazi və şəhid ailələri heç vaxt diqqətdən kənarda qalmayıb. Biz bu igid övladlarımızın da istəklərinə hömətlə yanaşırıq. Lakin vətən uğrunda sağlamlıqlarını itirmiş bu gəncləri yenidən bilərəkdən öldürücü elektrik xətlərinin altında təhlükə qarşısında qoymağımızın heç bir izahatı ola bilməz.
Tam məsuliyyətlə bildiririk ki, bu şəxslərdən heç birinin həmin əraziyə aidiyyəti, mənsubiyyət sənədi və ya sahibkarlıq fəaliyyətilə məşğul olması üçün icazəsi yoxdur və Yüksək Gərginlikli hava xətlərinin mühafizə zonalarına bu kimi sənədlərin verilməsi qanunaziddir.
Bir daha fəxrimiz olan əziz dəyərli qazilərimizi təmkinli olmağa çağırırıq və imkanlarımız çərçivəsində hər zaman onlara problemlərinin həllində yardımçı olmağa hazır olduğumuzu bildiririk”.