Ölkənin lider mobil operatoru “Azercell Telekom” MMC-in dəstəyilə təşkil olunan Uşaq Paralimpiya İdman Oyunlarına yenidən start verilir. Uşaqların təhlükəsizliyini təmin etmək məqsədilə karantin rejiminin tələblərinə uyğun olaraq ənənəvi oyunların hər bir idman növləri üzrə ayrı-ayrı yarışlarla, azarkeşlər olmadan keçirilməsi qərara alınıb.
2021-ci ilin Uşaq Paralimpiya İdman Oyunları çərçivəsində Sumqayıtda yerləşən Respublika Paralimpiya İdman Kompleksində pouerliftinq üzrə test yarışları baş tutub, həmçinin stolüstü tennis oyunları keçirilib. İlin sonunadək uşaq paralimpiyaçıları digər idman növləri üzrə yarışlarda da iştirak edə biləcəklər. Balaca idmançılar cüdo (26 noyabr), üzgüçülük (4 dekabr) və taekvando (10 dekabr) üzrə yarışlarda güclərini sınayacaqlar.
2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü – cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olurlar. Onlar həmçinin, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. “Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz
Azərbaycanın mobil rabitə sənayesinin lideri və qeyri-neft sektorunun ən böyük vergi ödəyicisi və sərmayəçisi “Azercell Telekom” MMC 1996-cı ildə təsis edilib. Hazırda 5 milyon abunəçi Azercell-i seçir. Bazar payı 49%, ölkə ərazisi üzrə əhatə dairəsi: 94,25%, ölkə əhalisi üzrə əhatə dairəsi: 98,73% təşkil edir. Azercell ölkədə və MDB məkanında beynəlxalq “İnvestors İn People” İnsana Sərmayə Platin Sertifikatına layiq görülən yeganə şirkətdir. Eyni zamanda Beynəlxalq Biznes STEVIE Mükafatlarının “İlin kommunikasiya şirkəti” nominasiyası üzrə ən yüksək pillədə qərarlaşaraq Qızıl Stevie mükafatı alan ölkənin yeganə şirkətidir. Ölkəyə bir sıra yenilikləri ilk dəfə olaraq məhz Azercell gətirib: GSM texnologiyası, öncədən ödəmə sistemi, mobil internet xidmətləri, 24/7 Telefon Mərkəzi (*1111), 7/7 Ön Masa xidmətləri, Azercell Ekspres ofisləri, M2M, 4G , mobil və onlayn müştəri xidmətləri, sosial media üzərindən müştəri xidmətləri, mobil elektron imza xidməti “Asan İmza” və s. Mobil operator “Bakutel 2019” sərgisi çərçivəsində Azərbaycanda ilk dəfə pilot rejimdə 5G texnologiyasının sınaqlarını keçirib. Azercell-in sürətlə böyüyən 4G şəbəkəsi Bakı və Abşeron da daxil olmaqla, ölkənin 60-a yaxın bölgəsini əhatə edir. Radio siqnalların şəbəkə keyfiyyətini ölçən və simsiz rabitənin əhatə dairəsi üzrə ixtisaslaşan beynəlxalq sistemlər tərəfindən aparılmış araşdırmaların nəticələrinə əsasən, Azercell-in 4G şəbəkəsi Azərbaycanın mobil operatorları arasında ən yüksək göstəricilər nümayiş etdirmişdir.