Komandamız 20-ci Beynəlxalq Jautıkov olimpiadasında 4 medal qazanıb
“Azercell”in dəstəyi ilə beynəlxalq informatika olimpiadalarına və müsabiqələrə hazırlaşan və iştirak edən məktəblilərimiz növbəti dəfə uğurlu nəticələr əldə ediblər.
8-14 yanvar 2024-cü il tarixlərində Qazaxıstan Respublikasında təşkil edilən 20-ci Beynəlxalq Jautıkov olimpiadasında onlayn formada qoşulan şagirdlərimiz 2 gümüş və 2 bürünc medal olmaqla ümumilikdə 4 medal qazanıblar. Belə ki, Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev və Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına liseyin 10-cu sinif şagirdi Ayxan Dəmirli gümüş medala, Ankara məktəb-liseyinin 10-cu sinif şagirdi Əli Əliyev və Bakı şəhəri Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Raul Cəfərli isə bürünc medala layiq görülüblər. Qeyd edək ki, olimpiadada dünyanın 16 ölkəsindən 700 məktəbli iştirak edib.
2017-ci ildən etibarən “Azercell Telekom”un Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi ilə əməkdaşlığı çərçivəsində Təhsil İnstitutu tərəfindən məktəblilərimizin beynəlxalq informatika fənni üzrə yarışlara hazırlıq prosesi təşkil olunur. Ölkəmizi müxtəlif miqyaslı beynəlxalq elm müsabiqələrində uğurla təmsil edən olimpiadaçılarımız 3 qızıl, 16 gümüş və 39 bürünc olmaqla ümumilikdə 58 medal əldə ediblər.