Lider mobil operatorun Baş sponsorluğu ilə keçirilən “Rebuild Karabakh” sərgisinin məqsədi işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və yenidənqurma işlərinə diqqət cəlb etməkdir
19-21 oktyabr tarixlərində “Azercell Telecom”un baş sponsorluğu ilə 3-cü Azərbaycan Beynəlxalq Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı – “Rebuild Karabakh” sərgisi baş tutacaq. Sərginin əsas hədəfi Qarabağ üçün investisiyaların həcmini artırmaq, xarici şirkətlərin Qarabağın inkişafında, infrastrukturunun bərpasında, mülki obyektlərin tikintisində iştirak etməsini təmin etməkdir.
Sərgiyə həsr olunmuş mətbuat konfransında çıxış edən “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya bildirib ki, şirkət Qarabağda bərpa və yenidənqurma işlərinin fəal dəstəkçisidir. İşğaldan azad olunmuş ərazilərdə ilk mobil infrastrukturu quran “Azercell”in hazırda Qarabağda LTE texnologiya əsaslı 125 baza stansiyası fəaliyyət göstərir: ”Cənab prezident bir neçə gün öncə Xankəndində Azərbaycan bayrağını yüksəltdi. Ondan öncə isə “Azercell” işğaldan azad edilmiş bir çox ərazilərində olduğu kimi Xankəndi, Xocalı, Ağdərə, Əsgəran və Sərsəng su anbarı ərazisində mobil şəbəkəsini işə saldı. Biz “Böyük Qayıdış Proqramı” çərçivəsində doğma torpaqlarına geri dönən vətəndaşlarımıza xidmət göstərməkdən qürur duyuruq. “Azercell” Şuşa şəhəri də daxil olmaqla, Qarabağda müştəri xidmətləri mərkəzini və rəsmi diler mağazasını istifadəyə verən ilk mobil operatordur. Şirkətin birinci rəsmi diler mağazası isə “ağıllı kənd” konsepsiyası ilə tikilən Zəngilanın Ağalı kəndində istifadəyə verilib. Həmçinin “Azercell” ötən il Qarabağda “yaşıl” texnologiyaların da tətbiqinə başlayaraq Qubadlı və Cəbrayılda günəş enerjisinə əsaslanan baza stansiyalarını işə salıb. Hazırda digər ərazilərdə də “yaşıl” stansiyaların tətbiq edilməsi və saylarının 35-ə çatdırılması nəzərdə tutulur.”
“Azercell” işğaldan azad olunmuş torpaqlarda yeni nəsil şəbəkənin genişləndirilməsi və bu ərazilərə qayıdacaq əhalinin qabaqcıl kommunikasiya xidmətləri ilə təmin edilməsi istiqamətdə işlərini davam etdirir.
Sərgi haqqında ətraflı məlumatı www.rebuildkarabakh.az rəsmi internet saytından əldə etmək mümkündür.