“Azercell Könüllüləri” tərəfindən Qurban bayramı münasibətilə “Nəsilləri birləşdirən könüllər” aksiyası təşkil olunub.
AzerTimes xəbər verir ki, bu təşəbbüs Sosial Xidmətlər Agentliyinin Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsinin sakinlərini və “Təmiz Dünya” Qadınlara yardım İctimai Birliyinin nəzdində fəaliyyət göstərən Qadın və Uşaq sığınacağında məskunlaşmış uşaqları əhatə edib.
Aksiyanın əsas məqsədi yaşlı və gənc nəsli bir araya gətirmək, ahıl şəxslərin tövsiyə və həyat təcrübələrini uşaqlara ötürmək, hər iki nəslin nümayəndələrinə xoş əhval-ruhiyyə bağışlamaq olub. Bilgəh qəsəbəsində yerləşən Ahıl Şəxslər üçün Sosial Xidmət müəssisəsində baş tutan tədbirdə 300-ə yaxın insan iştirak edib. “Azercell Könüllüləri” ahıllar və uşaqlar üçün birgə əyləncə proqramı təşkil edib, iştirakçılara hədiyyələr veriblər.
Qeyd edək ki, “Azercell Könüllüləri” təşkilatı 2004-cü ildən etibarən fəaliyyət göstərir və həssas qrupa aid şəxslərə dəstək olur. Sosial məsuliyyət öhdəliklərinə və xeyriyyə ənənələrinə sadiq olan Azercell şirkətinin əməkdaşları bu istiqamətdə fəaliyyətini davam etdirir.