“Azercell” “Kitab Klubu” layihəsinə başladı

“Azercell” “Kitab Klubu” layihəsinə başladı

Lider mobil operator uşaq evinin sakinlərində mütaliəyə həvəs yaradır

Azercell Telekom MMC-nin təşkilatçılığı, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin və “S.E.N.S.U.M by Amapola” şirkətinin dəstəyi ilə 3 saylı uşaq evi sosial xidmət müəssisəsində tərbiyə alan 6-10 yaşlı bir qrup uşaq üçün tədbir baş tutdu. 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə həyata keçirilən layihə balacalara bayram əhvali-ruhiyyəsi yaşatmaqla yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşdırılması, nitq və yaradıcılıq qabiliyyətinin inkişafı, ümumilikdə təhsilə həvəsin artırılmasına yönəlik xüsusi proqramla yadda qaldı.

Belə ki, uşaqlar tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı Fatehin təqdimatında Yusif Vəzir Çəmənzəminlinin “Əziz” və Əli Vəliyevin “Eyvazın yazısı” əsərləri ilə tanış oldular. Görüşdə balacalar üçün maarifləndirici oyunlar da təşkil edildi. Azercell tərəfindən həm tədbirdə iştirak edən, həm də adıçəkilən müəssisədə məskunlaşan digər uşaqlara hədiyyələr paylanıldı. Səsləndirilən kitablar “Bookmate” və “Litres” proqramlarına da yüklənildi.

Xatırladaq ki, mədəni irsin qorunub saxlanmasına yönəlik təşəbbüs və layihələrə xüsusi önəm verən “Azercell” “Kitab Klubu” layihəsi çərçivəsində silsilə tədbirlər həyata keçirməyi planlaşdırır. Tədbirlər müxtəlif yaş kateqoriyasına aid auditoriyanı əhatə edərək həm böyüklər, həm də balacalar üçün təşkil olunacaq. Layihə çərçivəsində regionlarda fəaliyyət göstərən uşaq evləri də ziyarət ediləcək.

Teqlər: