Lider mobil operator mütaliə mədəniyyətinin inkişafına dəstək olmaq məqsədilə sərgidə rəqəmsal kitabxanası ilə çıxış etdi
Azercell Bakı Ekspo Mərkəzində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan 9-cu Bakı Beynəlxalq Kitab Sərgisinin sponsoru qismində çıxış etdi. Şirkət rəqəmsal kitabxanasını rəsmi tərəfdaşı olduğu və yerli bazarda eksklüziv endirimli tariflərlə təqdim etdiyi “Litres” və “Bookmate” mobil tətbiqləri ilə sərgilədi. Azercell innovativ tendensiya və xidmətləri ölkəmizə gətirməklə yanaşı, Azərbaycan ədəbiyyatının və mütaliə mədəniyyətinin təbliğatı naminə rəqəmsal kitabxana çərçivəsində elektron, audio kitabları, podkastları və digər formatlarda məzmunu dörd xarici dildə beynəlxalq platformalar vasitəsilə oxuculara təqdim etdi.
Qeyd edək ki, sərginin açılış günündə iştirak edən Mədəniyyət və Turizm naziri cənab Adil Kərimli başda olmaqla, sərginin rəsmi qonaqları Azercell-in audio və elektron kitab layihələri ilə yaxından tanış olub, Azərbaycanda elektron kitaboxuma imkanının mövcudluğunu təqdirəlayiq hal kimi qiymətləndirdilər. “Azercell Telekom” MMC-nin Tərəfdaşlarla Münasibətlər şöbəsinin direktoru Nigar Şıxlinskaya qonaqlara şirkətin mədəni layihələri davamlı şəkildə dəstəklənəcəyini vurğuladı: ”Biz korporativ sosial məsuliyyət prinsiplərimizə sadiq qalaraq, sosial layihələrə, xüsusilə də texnoloji imkanlar vasitəsilə insan həyatının keyfiyyətinin artırılmasına və Azərbaycan mədəniyyətinin tanıdılmasına xidmət edən layihələr həyata keçiririk. Elektron kitabxana layihəmizin məqsədi də Azərbaycan ədəbiyyatının dünyanın istənilən nöqtəsində əlçatanlığını təmin etmək, Azərbaycan dilində keyfiyyətli məzmun yaratmaq, doğma yazıçılarımızı dünya səviyyəsində tanıtmaq məqsədi daşıyır. Tezliklə isə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr etdiyimiz audiokitab layihəmizin növbəti toplusunu təqdim edəcəyik”.
Xatırladaq ki, Azercell sərgidə iştirak edən yeganə mobil operator oldu.