Şirkət Novruz bayramında gənc musiqiçi Xan Bəylinin
konsertini təşkil etdi
Mart ayının 20-də Azercell-in təşəbbüsü və təşkilatçılığı,
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı
səfirliyinin dəstəyi ilə ABŞ-ın paytaxtında Novruz bayramı
münasibətilə gənc musiqiçi və bəstəkar Xan Bəylinin konserti təşkil
olunub. Vaşinqtonun ən məşhur konset zallarının birində tutan
tədbirə Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı
fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim və “Azercell
Telekom” MMC-nin prezidenti Zərinə Zeynalovanın dəvəti ilə
Türkiyənin Vaşinqtondakı səfiri Murat Mercan, Qazaxstan
Respublikasının səfiri Yerjan Aşıkbayev, Özbəkistan Respublikasının
səfiri Javlon Vahabov, Amerikadakı Azərbaycan və müxtəlif xalqların
diaspor üzvləri, eləcə də yerli qonaqlar qatılıb.
Açılış nitqi ilə çıxış edən Azercell-in prezidenti Zərinə
Zeynalova şirkət tərəfindən həyata keçirilən bu tədbirin zəngin
mədəni irsimizin, milli dəyərlərimizin beynəlxalq ictimaiyyətə
tanıdılmasına töhfə verəcəyinə ümid etdiyini bildirib. Zərinə xanım
həm milli, həm də dünya musiqisinin müxtəlif çalarlarını öz
əsərlərində əks etdirən gənc bəstəkar Xan Bəylinin fəaliyyətini
yüksək qiymətləndirdiyini, öz ətrafında fərqli insanları
birləşdirmək qüvvəsinə malik olduğunu qeyd edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Amerika Birləşmiş
Ştatlarındakı səfiri cənab Xəzər İbrahim səhnəyə Azərbaycanın milli
paltarlarını geyinmiş övladları ilə birlikdə çıxaraq qonaqları
səmimi tərzdə Novruz bayramı münasibətilə təbrik edib. Xan Bəylinin
dünyaya örnək ola bilən Azərbaycan dəyərlərinin və musiqisinin
ABŞ-da təbliğ edilməsində fəal iştirak etdiyini vurğulayan səfir,
Azercell-ə və bu təşəbbüsün gerçəkləşməsində əməyi keçən hər kəsə
təşəkkür edib.
Tədbirin xüsusi qonağı İctimai Televiziya və Radionun aparıcısı
Fateh bu musiqi ziyafətinə Xanın Azərbaycandakı pərəstişkalarını və
saat fərqinə baxmayaraq səbirsizliklə bu konsertin yayımını
gözləyən Azərbaycan auditoriyasını təmsil etmək üçün qatıldığını
bildirib. Məşhur aparıcı sosial media hesablarından izləyicilərinə
konserti canlı izləmək imkanı yaradıb.
Ukraynada Azərbaycan ailəsində doğulan həmyerlimiz Xan Bəyli
Azərbaycan xalq mahnıları, müasir estrada bəstələrilə yanaşı,
özünün müəllifi olduğu musiqiləri də səsləndirib. Muğamı caz və
etnik musiqi ilə xüsusi improvizasiyada təqdim edən Xan Bəyli
Amerikanın müxtəlif ştatlarından tədbirdə iştirak etmək üçün bir
araya toplanan dinləyicilərinə öz musiqisi ilə Novruz öncəsi xoş
ovqat bəxş edib.
Qeyd edək ki, Bostondakı Berkli Musiqi Kollecinin məzunu olan
Xan Bəyli Azərbaycan musiqisinin xaricdə tanıdılması üçün fərqli və
maraqlı layihələr icra edib, Jack De Johnette, John Medeski, David
Fiuczynski və Screaming Headless Torsos, Ənvər İsmayılov, Erkan
Ogur və digər tanınmış sənətçilərlə səhnəni bölüşüb.
Amerika icması tərəfindən tədbir böyük rəğbətlə qarşılanıb.
Qonaqlar və icma nümayəndələri xoş təəssüratlarını aktiv şəkildə
sosial media hesablarında paylaşıblar. Konsertdən görüntülər tez
bir zamanda Azercell-in rəsmi YouTube kanalında paylaşılacaq.
“Azercell Telekom” MMC Azərbaycan musiqisini beynəlxalq
müstəvidə təbliğ edən həmyerlimiz Xan Bəyliyə gələcək fəaliyyətində
uğurlar arzu edir!