“Azerçay” Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyası çərçivəsində ölkəmizin çay mədəniyyətinin tanıdılmasına davam edir.
Dünya liderləri, dövlət rəsmiləri, hökumət və qeyri-hökumət təşkilatları eləcə də dünyanın qabaqcıl şirkətlərinin qatıldığı tədbirdə milli markamız ziyarətçiləri çay süfrəsinə qonaq edir.
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə ölkə çayçılığını təmsil edən doğma çay markası tərəfindən xarici qonaqlara müxtəlif “Azerçay” məhsulları da hədiyyə edilir.
Qeyd edək ki, “Made in Azerbaijan” yazısını üzərində şərəflə daşıyan doğma çay “Azerçay” Azərbaycanın dünyaya tanıdılması üçün, on illərdir ki, müxtəlif qlobal layihələrdə yaxından iştirak edir.
Milli çay markamız Fransa, İsveçrə, Böyük Britaniya, BƏƏ, Rusiya, Çin və digər ölkələrdə təşkil edilmiş layihələrdə vətənimizi təmsil etməklə bərabər dünyanın 40-dan artıq ölkəsinə də ixrac edilərək ölkəmizin ixrac potensialına öz töhfəsini verir.