Xəbər - Elçin Mehdiyev – Trend:
Rusiyadan Ermənistana qazın müvəqqəti Azərbaycan ərazisindən nəql olunması onu göstərir ki, Ermənistan Azərbaycandan asılıdır və regionda kommunikasiyalar açılmasa, Ermənistan daha böyük çətinliklərlə üzləşəcək və təkbaşına heç bir kommunikasiya qura bilməyəcək.
Bunu AzerTimes-a Milli Məclisin deputatı Elman Nəsirov deyib.
Deputat bildirib ki, Azərbaycan Rusiyanın xahişi ilə ərazisindən keçməklə Rusiya qazının müvəqqəti olaraq Ermənistana ötürülməsi məsələsinə razılıq verib: “Bu, bir daha onu göstərir ki, Azərbaycan regionda sülh və təhlükəsizlik naminə əməkdaşlığın yaranmasnda və inkişafında maraqlı tərəfdir. Ermənistan siyasi rəhbərliyi, Ermənistanda hakimiyyətə can atan müxalif dairələr bilməlidir ki, Azərbaycansız onların heç bir gələcəyi yoxdur, heç bir kommunikasiyaların bərpası mümkün deyil və Ermənistanın blokada vəziyyəti daha da dərinləşə bilər. Bu da Ermənistan üçün sözün həqiqi mənasında fəlakətdir.
Azərbaycanın öz ərazisindən Rusiya qazının Ermənistana nəql edilməsinə razılaşması bir daha onu göstərdi ki, biz regionda sabitliyin, təhlükəsizliyin, sülhün və əməkdaşlığın formalaşması naminə olan addımları atmağa hazırıq”.
Qeyd edək ki, “Şimali Qafqaz-Zaqafqaziya” qaz kəmərinin təmiri ilə əlaqədar Rusiya qazı Ermənistana müvəqqəti olaraq Azərbaycan ərazisindən nəql olunacaq. Bu barədə “Qazprom Eksport” şirkətinin mətbuat xidməti bildirib. Qeyd olunur ki, bununla əlaqədar olaraq Azərbaycan Dövlət Neft Şirkəti ilə (SOCAR) qısamüddətli müqavilə imzalanıb. Müqaviləyə əsasən, qaz Azərbaycan ərazisindən Gürcüstan sərhədinədək nəql olunacaq.