Sonuncu dəfə millət vəkili Ziyafət Əsgərov müsahibəsində bu məsələyə toxunmuşdu, məntiq isə buna yönəlib: Ermənistana Laçın dəhlizi verilibsə, Azərbaycana da Zəngəzur dəhlizi verilməlidir!
Bu, Azərbaycanda politoloq və millət vəkillərinin vaxtaşırı istifadə etdiyi analogiyadır və olduqca yanlışdır.
Laçın vaxtilə ona görə “dəhliz” status daşıyırdı ki, o yol Ermənistanla Dağlıq Qarabağ Muxtar Vilayəti arasında əlaqənin maneəsiz qurulmasına xidmət edirdi.
DQMV 1991-ci ildə de-yure, 2020-ci ilin 10 noyabrında isə de-fakto ləğv edilib; Azərbaycanın tərkibində Dağlıq Qarabağ adlı inzibati ərazi vahidi belə yoxdur – rayonlar var və Qarabağ iqtisadi zonasının bir hissəsində müvəqqəti yerləşdirilmiş rus sülhməramlı qüvvələrinin himayəsində hazırda rəsmən təsdiqlənmiş rəqəmlərə görə, 27 min erməni yaşayır.
27 min erməniyə Azərbaycanın gələcəkdə hətta mədəni status verəcəyi də istisna edilir: yerli, lokal bələdiyyə seçkilərində erməni kəndləri öz bələdiyyə sədrlərini seçə bilərlər – bu qədər, bitdi.
Prezident İlham Əliyev bir neçə gün öncə Ermənistan rəhbərliyinin “status” barədə heç bir danışıq aparmayacağını şifahi vəd etdiyini də xatırlatdı və rəsmi İrəvanın bu vədindən qaçmağının ona nəyə başa gələcəyinə işarə etdi.
Beləliklə, belə bir inzibati vahid, muxtar qurum yoxdur, olması da gözlənilmir. Bu baxımdan Laçın yolunun “dəhliz” adlanmasının özü ciddi müzakirə predmetidir.
Azərbaycanın qərb rayonlarını Naxçıvanla birləşdirəcək Zəngəzur yolu isə tamamilə fərqli statusdadır. Bu yol bir ölkəni əsas ərazisindən kənarda qalan anklavı ilə birləşdirməlidir.
Beynəlxalq praktikada analogiyaları var. Bunlardan bizə münasib olanı Kalininqrad vilayətidir. Ona görə “münasib olan” yazırıq ki, Rusiyanın Azərbaycanın Qarabağ bölgəsinin bir hissəsində sülhməramlısı yerləşir və Ermənistan-Azərbaycan nizamlamasında əsas rol oynayan ölkələrdən biridir.
Rusiya özü Kalininqradla hansı formada əlaqə saxlayırsa və beynəlxalq hüquq ona necə haqq tanıyıbsa, Azərbaycanın da qərb rayonları ilə Naxçıvanı birləşdirən yol o statusda olmalıdır.
Azərbaycan kommunikasiyaların açılmasında və Zəngəzur dəhlizi məsələsində Ermənistanın da maraqlarını qoruduğunu və bu yolun ümumi istifadədə olması yönündə ritorikası Ermənistana misilsiz güzəştdir. Halbuki Azərbaycan Naxçıvanla əlaqəsinin maneəsiz təmin olunmasını tələb etməkdə tam haqlıdır – 2020-ci il 10 noyabr bəyanatının 9-cu bəndinə bir də baxın:
“Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hər iki istiqamətdə maneəsiz hərəkətinin təşkili məqsədilə Azərbaycan Respublikasının qərb rayonları və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin təhlükəsizliyinə zəmanət verir. Nəqliyyat əlaqəsi üzrə nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd xidmətinin orqanları həyata keçirir. Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək”.
Göründüyü kimi, Cənubi Qafqazda kommunikasiyaların açılması tamamilə ayrı məsələdir, ancaq 10 noyabr 2020-ci il bəyanatının 9-cu bəndinin tələbi tam ayrıdır. Burda kommunikasiya əlaqələrinin açılması tam ayrı vurğu ilə göstərilir (“Bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilir”) və bura Qazax istiqamətindən Ermənistana gedən dəmir yolu da daxildir. Ancaq Azərbaycanın qərb rayonları ilə naxçıvanı birləşdirən nəqliyyat əlaqəsi tamamilə fərqli vurğulanır.
O ki qaldı Azərbaycanın Ermənistanla Qarabağda yaşayan ermənilərin əlaqəsini təmin etmək üçün yeni yol tikməsinə, bunu sadəcə, humanist bir akt kimi qiymətləndirmək lazımdır.
Ümumilikdə isə “Laçın dəhlizi” anlayışı ən qısa müddətdən leksikondan və danışıqlardan çıxmalıdır. Hansı ölkənin daxilində yaşayan etnik azlıq qonşu ölkə ilə “dəhliz” statusu olan yolla birləşir?
Bakıdan bu tələb edilirsə, onda Azərbaycana Dərbəndə gedib-gəlmək üçün “dəhlizi” Rusiya, Borçalıya maneəsiz, vergisiz, yol haqqısız gedib-gəlmək üçün Gürcüstan dəhliz verməlidir.
Əlbəttə, Laçın yolu ona görə “dəhliz” statusu almışdı ki, Azərbaycanın böyük bir ərazisi ermənilər tərəfindən işğal olunmuşdu və ermənilər danışıqlarda istənilən şərtləri diktə edə bilirdilər. Bəs indi? Qalib bizik, bizim şərtlərimiz əsasdır və bu vaxta qədər olan bütün ədalətsiz güzəştlər ləğv edilməlidir.
Bu, ilk növbədə millət vəkillərinin, politoloqların gündəmindən çıxmalı, analogiyalar apararkən ciddi siyasi səhvlərə yol verilməməli, tədricən – yəni rus sülhməramlılarının çıxma vaxtı ərəfəsində ölkənin siyasi gündəminə çevrilməli və məsələyə nöqtə qoyulmalıdır.
Laçın yolu – yalnız qonşu ölkə ilə Azərbaycan vətəndaşılarının əlaqəsini təmin edən yoldur: o yolun girişində gömrük, sərhəd xidməti və s. fəaliyyət göstərməli, gediş-gəliş nəzarətdə olmalıdır.