Yürüşlə bağlı təşkilati işlərimiz yaxşı gedir. Şəhərlərin bəzilərində daha güclü hərəkətlənmə var.
Bu sözləri AzerTimes-a mayın 20-də Berlində keçiriləcək “Azadlıq, Ədalət, Milli Hökumət” aksiyasının koordinatoru, tanınmış siyasətçi Mahmud Bilgin deyib.
Hazırlıqların yekunlaşdığını deyən Bilgin Berlin yürüşünə Brüsseldəkindən daha çox iştirakçının qatılacağını bildirib:
“Berlindən savayı, hətta Avropanın başqa yerlərindən aksiyamıza qoşulmaq istəyənlər var. Budəfəki yürüşə qatılanların sayı Brüsseldə olduğundan üç qat artıq olacaq. Təşkilati məsələlərimizdə problem yoxdur. Yaxın zamanlarda mətbuat konfransı keçirtmək fikrimiz var. Yeri və zamanı dəqiqləşdirilir”.
Mahmud Bilgin yürüşlə bağlı təhlükəsizlik komitəsinin yaradılmasına da diqqət çəkib:
“Təhlükəsizlik məsələsi əvvəlki yürüşdə var idi, lakin bu dəfə daha geniş yer vermək qərarına gəldik. Bizi sevməyən bəzi qüvvələr Berlində təxribata əl ata bilər. Hesab edirik ki, şovinistlər və pəhləvilər tərəfindən müəyyən addımlar atılması mümkündür. Odur ki, özəl bir qurup yaratdıq. Hər ehtimal, hazırlıqlı olmaq lazımdır”.