Son 30 ildə ölkənin siyasi həyatı Qarabağla sıx bağlı olduğundan Ermənistanda müxalifətlə əlaqədar indiki vəziyyəti proqnozlaşdırmaq olardı.
AzerTimes xəbər verir ki, bunu Rusiya Beynəlxalq Əlaqələr Şurasının elmi direktoru Andrey Kortunov deyib.
Kortunovun sözlərinə görə, Paşinyanın hakimiyyətdə olduğu dövrdə ölkə üçün dəfələrlə kritik vəziyyət yaransa da, müxalifətin vaxtaşırı fəallaşmasına baxmayaraq, heç kim onu devirə bilməyib:
“Müxalifət birdən-birə Paşinyanı hakimiyyətdən uzaqlaşdırsa belə, Qarabağı yenidən nəzarətə götürməyi necə təsəvvür edir? Bu mümkün deyil. İndiki çağırışlardan, az qala Qarabağı qaytarmaq və ya ona müstəqillik vermək sözlərindən yaxşı heç nə olmayacaq. Hansı yolla? Ermənistan irəli getmək və sülh şəraitində yaşamaq istəyirsə, Azərbaycanla bağlı mövcud vəziyyətin reallıqlarını dərk etməlidir. Amma etirazlardan da göründüyü kimi, Qarabağ məsələsinin geri qaytarılmasına ehtiyac olduğunu düşünənlər var. Aydındır ki, bütün ərazinin Azərbaycanın nəzarətinə keçməsi nəticəsində ötən ilin payızında Qarabağdan Ermənistana köçən erməni əhalisinin narazılıq və nostalji üçün öz səbəbləri ola bilər. Bura Azərbaycanın ərazisidir və bu faktı heç kim ləğv etməyib. Azərbaycan hakimiyyəti dəfələrlə bəyan edib ki, erməni əhalisi Qarabağa qayıda bilər və faktiki olaraq onları oradan heç kim qovmayıb. Erməni əhalisinin hüquqları, mədəni və dini amilləri təmin edilməklə Qarabağa qayıtması mühüm məsələdir və onun həlli həm İrəvanın, həm də Bakının maraqlarına cavab verir. Burada irəliləyiş əldə etmək olar. Həmçinin azərbaycanlıların Ermənistana qayıtması məsələsi üzərində işləmək lazımdır ki, Bakının bu məsələyə güzgü prinsipli yanaşması da ədalətlidir”.