Azərbaycanlılar üçün yeni münaqişə ocağı yaradılır

Azərbaycanlılar üçün yeni münaqişə ocağı yaradılır

İranda istər parlament, istərsə də prezident seçkiləri tam bir teatrdır. Sadəcə, dünyaya göstərmək istəyirlər ki, burada seçkilər keçirilir.

Bu sözləri AzerTimes-a Azərbaycan Cümhuriyyət Partiyasının sədri Araz Ataxan İranda qarşıdan gələn parlament seçkilərinin azərbaycanlılar tərəfindən boykot olunacağı ilə bağlı yayılan xəbərləri şərh edərkən deyib.

O bildirib ki, Güney Azərbaycandan olan hər hansı milli düşüncəli namizədin parlamentdə təmsil olunmağı qeyri-mümkündür:

“İranda Nigahban Şurası (Keşikçilər Məclisi) deyilən bir qurum var. Onlar namizədlər haqqında öncədən rəy qəbul edirlər. Bu qurumun müsbət qərarından sonra namizədlərin qeydiyyatı və digər seçki prosedurları başlaya bilər. Nigahban Şurası birbaşa Xameneiyə bağlı olan qurumdur. Hər hansı milli düşüncəli azərbaycanlı parlament seçilərində namizəd olmaq istəsə belə, məclis onun təsdiqinə imkan verməz. Hətta gözlərindən yayınıb, namizəd kimi qeydiyyata düşənlər ikinci mərhələdən mütləq uzaqlaşdırılıblar.
Parlamentdə yalnız rejimə bağlı insanlar təmsil oluna bilər”.

Araz Ataxan son illər keçirilən seçkilərdə yol verilən bəzi saxtakarlıqlardan da söz açıb:

“Dəfələrlə seçki saxtakarlığı ilə qarşı-qarşıya olmuşuq. Azərbaycanlılar öz namizədlərinə səs versə də, seçkinin nəticələrində qalib tamam başqa biri olub. Əhmədinejadın seçilməsində bunun şahidi olduq. Urmiyada, Qərbi Azərbaycanda olan kürdlərin sayı heç 15 faiz təşkil etmir, lakin dəfələrlə onların namizədi qalib gəlib. Hansı ki, o kürdlər İran vətəndaşlığını yeni alıb, ərəb kökənlidir. Bəzi namizədlər heç məclisin qoyduğu kriteriyalara belə uyğun gəlmir. Amma namizəd ola bilirlər. Bunu necə bacarırlar? Əlbəttə ki, rejimin əli ilə. Belə saxtaxarlıqların sayı çoxdur. Odur ki, seçkilərin qanuniliyi, şəffaflığı şübhə yaradır, millətmiz də bunu qəbul etmir. Ümumiyyətlə, farslar da bu seçkilərin nəticələrinə tam inanmırlar. Rejim yeni oyun modeli fikirləşib. Bəzi bölgələrə özünün köçürdüyü etniklərdən özlərinin adamı olan namizədləri irəli çəkirlər. PKK-çılardan namizəd irəli sürməkdə məqsəd nədir? Bu insanlar vasitəsi ilə etniklər arasında gərginliyi saxlamaq, bölgəni kürd vilayəti kimi dünyaya tanıtmaq. Bu oyunları biz görürük, lakin onu pozmaq üçün təsir imkanlarımız azdır”.

Partiya sədri bildirib ki, onlar seçkilərin nəticəsini indidən qeyri-qanuni hesab edir:

“Bundan öncəki seçkilərə qatılmışıq. Burada məqsədimiz seçicilərin türklər olduğunu sübut etmək olub. Seçən türklər olub, seçilən isə başqası. Seçkilərin nəticəsinin saxtalaşdırıldığını sübut etmişik. Lakin biz ümumilikdə İran seçkilərinin nəticəsini tanımırıq. Bizi təmsil edən parlament kimi görmürük. Partiyamız bu seçkiləri, hətta, İranın özünü qeyri-qanuni hesab edir. Onlar Güney Azərbaycan torpaqlarını işğal edib. Bizim siyasi mübarizə aparmağımız üçun demokratik mühit yoxdur, yəni bu seçkilərdə iştirak etməyimiz mümkün deyil.

Bizim məqsədimiz Güney Azərbaycanın özünün müstəqil olması və öz parlamentinin yaradılmasıdır. Rejim özü də gələcəkdə bu torpaqların parçalanacığını və İrandan qopacağını yaxşı bilir. Bacardıqca müqavimət göstərir, etnik savaşlarla bizim başımızı qatmaq istəyir. Odur ki, bizim torpaqlarımızda ikinci bir Qarabağ münaqişəsinin bənzərini planlayır. Bundan bizim milli fəallar agahdır, oyaqdır və rejimin oyunlarına alət deyillər. Biz rejimin etnik oyunlar qurduğu Qərbi Azərbaycan, Süngün, Astara, Culfa kimi bölgələrdə öz strategiyamıza uyğun şəkildə seçkilərdə iştirak edəcəyik”.

Teqlər: