Qorxduğumuz başımıza gəldi. Güney Azərbaycanda Urmu gölünün sahillərində fəlakət baş verir. Bu ərazilərdə yaşayan heyvanlar dəri xəstəliyinə tutulub, çoxu da kütləvi şəkildə tələf olur.
Bu sözləri AzerTimes-a Güney Azərbaycanda yaşayan milli fəal Sürgün Günəş deyib.
O bildirib ki, müxtəlif növ heyvanların kütləvi tələfatı insanlar arasında təlaşa səbəb olub:
“Vəhşi heyvanlar arasında dəri xərçəngi xəstəliyi kütləviləşməyə başlayıb. Əvvəl ara-sıra var idi, indi isə hətta it, dovşan və donuzlarda da əmələ gəlib. Keçmiş ekologiya naziri İsa Kələntərli bir neçə ay bundan öncə Urmu gölü sahilində yaşayan heyvanlar arasında xəstəliyin çoxaldığı ilə bağlı məlumat paylaşmışdı. Bildirim ki, tezliklə xəstəliyin ev heyvanlarına da sirayət edəcəyi gözlənilir. Millət bu səbəbdən qorxu içindədir. Nə baş verdiyi ilə maraqlandıqda Urmu gölü ilə bağlı etiraz etdiklərimizi düşünüb, bizi zindana atırlar. Odur ki, insanlar səsini çıxartmağa ehtiyat edir. Lakin bu, başlanğıcdır. Fəlakətin qarşısını almaq mümkün olmayacaq”.
Ekoloji fəlakətin miqyasının genişləndiyini deyən milli fəal bildirib ki, artıq dörd-beş aydır belə problemlə üz-üzəyik:
“Hətta bitkilərin də üstündə qəribə xəstəlik növü müşahidə olunur. Bağ-bağatımız quruyub, əldən gedib.
Urmu gölündə yaranan fəlakət səbəbindən heyvanların tələf olması ilə yanaşı, köçü də intensivləşib. Onlar xilas olmaq üçün Türkiyə sərhədlərinə doğru üz tutublar. Quşlar hamısı uçub gedib. İnsanlar arasında da ağır mədə xəstəlikləri və onkoloji problemlər çoxalıb”.