Tarixi qəhrəmanlarımızı müasir dünyada bir rəmz olaraq istifadə edəndə, o qəhrəmanlarda olan özəllikləri, xüsusiyyətləri də öz millətimizə aşılamaq istəyirik. Koroğlu, Səttərxan və Babək kimi. Babək Azərbaycanda qorxmazlıq, şücaət və mübarizə simvolu sayılır.
Bu sözləri AzerTimes-a güneyli araşdırmaçı, yazar Məhəmməd Rəhmanifər Güney azərbaycanlılar üçün Babək qalasına yürüşün əhəmiyyəti haqqında danışarkən deyib.
Onun sözlərinə görə, milli hərəkat baş tutandan bu yana Azərbaycan xalq qəhrəmanlarını tanıtmaq və onları rəmz olaraq istifadə etmək istəyib. Bu səbəbdən, hərəkat üzvlərinin Babəki mübarizə simvolu seçməsi təsadüfü olmayıb:
“Biz bu gün Babəkdən qəhrəmanlıq dərsi alırıq. Azərbaycanda çəkilən “Babək” filminin də bunda təsiri olub. Güney azərbaycanlılar o filmi dəfələrlə izləyiblər və Babək obrazı qəhrəmanlıq nümunəsi kimi onların nəzərində canlanıb. İlk dəfə olaraq professor Məhəmməd Tağı Zehtabi öz tələbələrini və yaxın dostlarını Babək qalasına apardı. Bir-iki il bu belə davam etdi. Sonra kütləvi hərəkata çevrildi. Xalq qəhrəmanı Babəkin doğum günündə Bəzz qalasına yürüş təşkil olunmağa başladı. Yəni iyunun sonu, iyul ayının ikinci cüməsi və cüməaxşamında bura axın olurdu. Bəzən bir milyondan çox insan ora toplanırdı. Müxtəlif ədəbi-bədii tədbirlər və yığıncaqlar gerçəkləşirirdi. Bir növ, Azərbaycan mədəniyyətini təbliğ edən, tanıdan bir festivala çevrilmişdi. Orada şeir, ədəbiyyat, saz, musiqi məclisləri təşkil olunurdu, bəzən siyasi müzakirələr, diskusiyalar aparılırdı. Hətta bu gün milli mücadilə bayrağı deyilən bayraq ilk dəfə Babək qalasında açıldı. Bunları nəzərə aldıqda, o toplantıların, yığıncaqların Azərbaycan millətinə böyük təsiri var idi”.
Rəhamnifər vurğulayıb ki, Azərbaycan xalqının oyanışından ehtiyat edən İran rejimi zamanla bu yürüşlərin keçirilməsinə əngəllər yaratmağa başlayıb:
“Babək qalasına yürüş beş-altı il ənənəvi qaydada davam etdikdən sonra hakimiyyət qorxuya düşərək, bunun qarşısını almağa çalışdı. Qalaya gedən avtomobilləri saxlayırdı. Ora getmək istəyənləri hədələyirdi, axtarış aparırdı, gedənləri tuturdu. Tədricən bu yığıncaqlar dayandırıldı. Amma son iki ildir milli fəallar Babək Qalasına toplaşmaq üçün çağırışlar edir”.
Rəhmanifər bu il də yürüşün keçirilməsinin mümkün olmadığını diqqətə çatdırıb:
“Bu il həm yollar bağlandı, həm də qalanın qapısı qıfıllandı. Hakimiyyət axının qarşısını aldı. Rejim Güney Azərbaycan türklərinin bir araya gəlməsindən qorxub, bütün gücü ilə bu toplantıların keçirilməsinə mane olmaq istəyir, görünür, bacarır da”.