Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə BMT-nin Bonn şəhərindəki qərargahı önündə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) nümayəndələri də iştirak ediblər. Aksiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşdirdikləri minaların təhlükə mənbəyi olduğunu əks etdirən plakatlar nümayiş etdirilib, yerli sakinlərə məlumatlandırıcı flayerlər paylanılıb.
Tədbir BMT-nin qərargahına bəyannamənin təqdim olunmas ilə yekunlaşıb. Bəyannamədə mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökümətinə təsir göstərilməsi tələb edilib.