Mədəni və ekoloji fəalların Urmiya gölünün qurudulmasına etiraz olaraq aksiya keçirilməsi ilə bağlı çağırış etməsindən sonra Güney Azərbaycanın müxtəlif şəhərlərində gərgin atmosferin hakim olduğu bildirilir.
AzerTimes xəbər verir ki, bu barədə yerli mənbələr məlumat yayıb.
Məlumata görə, avqustun 27-i səhər saatlarından etibarən Güney Azərbaycan şəhərlərinin müxtəlif yerlərində xüsusi təyinatlılar və təhlükəsizlik məmurları yerləşdirilib.
Urmiya və Təbrizdə etiraz aksiyalarının başladığı, genişlənərək Tehranda da baş qaldıracağı bildirilir.
Etirazların keçirildiyi yerə gedən bəzi küçələrdə polis məmurları təsadüfən həmin ərazidən keçən gəncləri də saxlayaraq təftiş edirlər.
Həmçinin, internetin verilişində də problemlər yaşanır. Şəhərlərin mərkəzi ərazilərində və aksiya keçirilən bölgələrdə internetdə ciddi fasilələr yarandığı bildirilir.
Hazırda hökumət qüvvələri yaranan gərgin vəziyyətin qarşısını almağa çalışır. Urmiyada qadın repressiv qüvvələrin yerləşdirildiyi qeyd olunur.
Bildirilir ki, aksiyalar fonunda ikisi qadın, biri kişi olmaqla, azı 3 nəfər saxlanılıb.