Azərbaycanlı zəvvarların ilk qrupunu Vətənə gətirəcək təyyarə iyulun 5-i saat 11:00-12:00 radələrində Bakıya çatacaq.
AzerTimes xəbər verir ki, bunu Report-a Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici Əlaqələr şöbəsinin müdiri və Həcc Elektron Sistemə məsul şəxs olan Vüsal Cahangiri deyib.
O bildirib ki, qayıdış iyulun 11-dək davam edəcək:
“Əksər zəvvarlar artıq Məkkədə vacib Həcc əməllərini yerinə yetiriblər. Bəzi qruplar da son əməlləri Kəbədə icra edirlər. Ayinlərini bitirən zəvvarlar ara-sıra Kəbə evinə düşüb oranı ziyarət edərək dualar edir, namazlarını qılırlar”.
Şöbə müdirinin sözlərinə görə, ilk 8 qrup sabahdan Mədinə şəhərinə yola düşəcək:
“İyulun 2-dən 5-ə qədər orada olacaqlar. Həmin müddətdə Mədinənin gəzməli-görməli dini-tarixi yerləri ziyarət olunacaq”.
Zəvvarların səhhətinə gəlinə, V.Cahangiri əlavə edib ki, hər şey qaydasındadır, səhhətində problem olan yoxdur.
Qeyd edək ki, bu il Azərbaycandan Həcc ziyarətinə 1 440 zəvvar gedib.
Bu il bir nəfərlik ziyarət paketinin qiyməti 5 750 ABŞ dolları təşkil edib.