Azərbaycanlı və türkiyəli gənclərin iştirakı ilə İstanbulda Forum keçirilib (FOTO)

Aprelin 28-də Türkiyənin İstanbul şəhərində azərbaycanlı və
türkiyəli gənclərin iştirakı ilə “Şuşa-Türk dünyasının mədəniyyət
paytaxtı” adlı Forum keçirilib.

Türkiyə Gənclik Vəqfi (TÜGVA) və Azərbaycan Gənclər Fondunun
birgə təşkilatçılığı ilə baş tutan tədbirin əsas məqsədi Azərbaycan
Respublikası Prezidentinin Sərəncamı ilə 2022-ci ilin ölkəmizdə
“Şuşa İli” elan edilməsi, eyni zamanda Beynəlxalq Türk Mədəniyyəti
Təşkilatı (TÜRKSOY) tərəfindən Şuşa şəhərinin 2023-cü il üçün “Türk
dünyasının mədəniyyət paytaxtı” seçilməsi fonunda Şuşa şəhərinin
Türkiyə və Azərbaycan başda olmaqla, bütövlükdə türk dünyası üçün
tarixi önəmi haqqında gənclərimizə məlumat vermək, eyni zamanda
Şuşa şəhərinin işğaldan azad olunmasının türk dünyası üçün siyasi
və mənəvi əhəmiyyətini hər iki ölkə gənclərinin diqqətinə
çatdırmaqdan ibarət olub.

Tədbirdə çıxış edən TÜGVA baş direktoru Enes Eminoğlu, Gənclər
Fondunun icraçı direktoru Fərid Cəfərov, Azərbaycan Respublikasının
İstanbul şəhərindəki konsulu Zaur Allahverdizadə və Gənc Müstəqil
Sənayeçi və İş Adamları Dərnəyinin (Gənc MÜSİAD) idarə heyətinin
üzvü Talha Akbaş, Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında şanlı ordumuzun qazandığı zəfərdə Türkiyə
rəhbərliyinin və xalqının, eləcə də gənclərinin mənəvi dəstəyinin
əhəmiyyətindən bəhs edib, Türkiyə Prezidenti cənab Rəcəb Tayyip
Ərdoğanın ötən il Şuşa şəhərinə etdiyi rəsmi səfər çərçivəsində
imzalanmış tarixi Şuşa Bəyannaməsinin önəmi haqqında danışıblar.
Çıxışlar zamanı Şuşanın yenidən dirçəlməsi istiqamətində sürətlə
davam edən bərpa-quruculuq işləri barədə iştirakçılara məlumat
verilib, Şuşanın dirçəlişinin tək azərbaycanlıların deyil, bütün
türk dünyasının ürəyincə olduğu xüsusilə qeyd edilib. Tədbirdə
Türkiyə Araşdırmalar İnstitutunun dosenti Mehdi Gəncəli Şuşanın
tarixi və mədəniyyəti haqqında məruzə ilə çıxış edib.

Forum zamanı ötən illər ərzində iki ölkə gənclərinin birgə
iştirakı ilə baş tutmuş və böyük maraqla qarşılanmış düşərgələr,
müsabiqələr, seminarlar və s. kimi bir sıra tədbirlər haqqında
iştirakçılara məlumat verilib, bu məzmunlu proqramların cari ildə
daha geniş tərkibdə və digər türk dövlətlərindən olan gənclərin
iştirakı ilə Şuşa şəhəri daxil olmaqla, türk dünyası üçün əhəmiyyət
kəsb edən digər tarixi şəhərlərdə də keçirilməsinin
planlaşdırıldığı qeyd edilib.

Tədbirdə Azərbaycan və türk dünyası üçün böyük önəm daşıyan Şuşa
şəhərinə aid məlumatların əks olunduğu videoçarx nümayiş olunub,
türkiyəli gənc araşdırmaçılar arasında Şuşanın tarixi və
mədəniyyəti ilə bağlı elmi tədqiqat, monoqrafiya və məqalə
hazırlanmasına dair müsabiqə elan edilib.

Türkiyə və Azərbaycandan onlayn qoşulan min nəfərə yaxın gəncin
iştirakı ilə keçirilən forumun yekununda hər iki ölkənin gəncləri
adından ikitərəfli münasibətlərin yüksək səviyyədə inkişafına görə
iki ölkənin dövlət başçılarına təşəkkür edilib, Azərbaycan-Türkiyə,
eləcə də bütövlükdə türk dünyası gəncləri tərəfindən bütün
platformalarda sıx əməkdaşlığın ortaya qoyulması vacibliyi qeyd
olunub.

Teqlər: