Azərbaycanlı tələbələr Niderlanda səfər ediblər (FOTO)

Avropa Komissiyasının maliyyələşdirdiyi, Niderland Biznes Akademiyasının koordinatorluğunu etdiyi Erasmus+ MEDIATS – “Mediasiya: təlim və cəmiyyətin transformasiyası” layihəsinin fəaliyyət planına uyğun olaraq universitetin mediasiya kursunda təhsil alan tələbələr Niderland Biznes Akademiyasının təşkilatçılığı ilə iki həftəlik təcrübə proqramında iştirak ediblər. Səfər 01-14.11.2021-ci il tarixlərdə Niderland Krallığının Dordrecht şəhərində təşkil edilmişdir. Səfərdə beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədovun rəhbərliyi ilə universitetin müxtəlif fakültələrində təhsil alan Mustafa Hüseynov, Nərmin Məmmədzadə, Nigar Piriyeva, Dilbər Əliyeva və Telli Məmmədova iştirak edirdilər. Qeyd edək ki, beynəlxalq təcrübə proqramında Azərbaycandan yalnız tərəfdaş olan Xəzər Universitetinin və Gəncə Dövlət Universitetinin tələbələri iştirak edirdilər. Layihənin digər tərəfdaş ölkələrindən olan Gürcüstanı 2 universitet, Ukraynanı isə 3 universitet təmsil edirdi. Ümumilikdə iştirakçı sayı 40 nəfərə yaxın idi.

İntensiv keçən təcrübə proqramında təlimçilər beynəlxalq səviyyədə tanınan Niderland Biznes Akademiyasının rektoru və Beynəlxalq Mediasiya Federasiyasının sədri Jan Van Zvieten, eləcə də, Gea van Klomperburg, Marjon Kuipers, Mayke Smit, Latvianın Turiba Universitetindən olan Dana Rone idilər. Bundan əlavə yerli Mediasiya Bürosunu məhkəmələrdə təmsil edən beynəlxalq mediatorlar Marlene Panis, Sandra Villems-Ruesink, Sandra Doeze Jager və Tara Dikdə iştirakçılarla ən yaxşı təcrübələrini bölüşdülər.

Təlimlər Niderland Biznes Akademiyasının mediasiya üzrə magistratura proqramına əsasən aparılırdı. Proqramın sillabusuna uyğun olaraq “Tərəflərin maraqlarına uyğun konfliktlər və onlara yanaşmalar”, “Proses idarəçisinin profili və mediasiya piramidasına uyğun yanaşma metodları”, “Mediatorun rolu və bacarıqları” “Mediasiya prosesinin başlanğıc, ikinci və uçüncü mərhələləri”, ”Sistemli mediasiya kontekstində dinamikanın aşkarlanması”, “Mediatorun qeydiyyatı, qaydalar və prosedurları”, “Mübahisəli davranışlar kontekstində dilemmalar”, ”Vəkillərlə mediatorlar arasındakı əməkdaşlıq”, “Mediasiyaya konfidensiyallıq prinsipləri, qaydalar və ayrıcalıqlar” və s. kimi mövzulardan əlavə müxtəlif maarifləndirici oyunlar (“Smurfs”, “Your true talent”) və daha sonra ikinci həftə ərzində mediasiya sessiyasının simulyasiyası və imtahana hazıqlıq mərhələləri təşkil olunmuşdur. Təcrübə proqramının intensiv və çətin keçməsinə baxmayaraq, tələbələrimiz aktiv iştirak edərək tapşırıqların öhdəsindən layiqincə gəlirdilər.

GDU-nun təşkil etdiyi mediasiya kursuna başlayaraq iki həftəlik beynəlxalq təcrübə proqramının yekununda tələbələr qiymətləndirmədən keçərək Gəncə Dövlət Universiteti və Niderland Biznes Akademiyasının rektorları tərəfindən imzalanan beynəlxalq diplomlara layiq görüldülər. Diplomlar Mediasiya Federasiyasının müəyyən etdiyi kateqoriyalara uyğun olaraq Nigar Piriyevaya “Mediasiya siyasətini təbliğ edən səfir”, Nərmin Məmmədzadə, Dilbər Əliyeva və Telli Məmmədovaya “Mediasiyanın beynəlxalq məsləhətçisi” və Mustafa Hüseynova “Sertifikatlaşmış beynəlxalq mediator” diplomları təqdim edilmişdir.

Digər qürür verici hal kimi də Gəncə Dövlət Universitetində Mediasiya Mərkəzinə yeni təyin olunmuş və “Sertifikatlaşmış beynəlxalq mediator”diplomu olan Ruslan Məmmədov beynəlxalq təcrübə proqramı dövründə həm mediasiya dəyərləri, həm də həyat bələdçiliyi mövzularından təlimçilələrə ustad dərsləri vermişdir. Bundan əlavə, Ruslan Məmmədov yekun imtahan komissiyasının üzvü kimi qiymətləndirmədə iştirak etmiş və buna əsasən də ona “Mediasiyanı qiymətləndirən beynəlxalq sertifikatlaşmış mütəxəssis ” diplomu təqdim edilmişdir.

Vətənə qayıtdıqdan sonra Ruslan Məmmədovun rəhbərliyi ilə tələbələri qəbul edən unversitetin rektoru professor Yusif Yusibov tələbələrə ən ümdə arzularını çatdıraraq onları qazandıqları uğurla bağlı təbrik edib və onlara gələcək karyeralarında uğurlar arzulayıb.

Sonda rektor iştirakçılarla xatirə şəkli çəkdirmişdir.

Teqlər: