Azərbaycanlı sənətçi ilə bağlı Türkiyəyə müraciət edildi

Azərbaycanlı sənətçi ilə bağlı Türkiyəyə müraciət edildi

Güneyli müğənni Xosrov Əmirinin dekabrın 3-də Türkiyədən deportasiya olunması qərarı ilə bağlı bir sıra ictimai və siyasi təşkilatlar müraciət hazırlayıb.

Bu barədə AzerTimes-a sənətçi özü məlumat verib.

Onun sözlərinə görə, Ərk Azərbaycan cəmiyyəti və siyasi təşkilatlar Türkiyə Miqrasiya İdarəsinə və Daxili İşlər Nazirliyinə məktub göndərib.

Məktubda mühacirətdə yaşayan mədəni fəalın 3-cü ölkəyə təhvil verilməsi imkanlarının nəzərdən keçirilməsi xahiş edilib.

Müraciət müəllifləri bildirib ki, Xosrov Əmiri illərini sənətə və yaşadığı cəmiyyətə həsr etmiş maarifçi, ziyalı bir sənətkardır:

“O, bədii həssaslığı ilə İranda baş verən haqsızlıqları öz sənəti ilə ifadə etməyə çalışıb. Bəstələdiyi mahnıları, hazırladığı televiziya proqramları, siyasi mövqeyi ilə həmişə demokratiya və vətəndaş cəmiyyətinin dəyişməsi üçün mübarizə aparıb, İranın avtoritar və diktatura rejiminə qarşı çıxıb. Bu istiqamətdəki səyləri onu İran rejiminin hədəfinə çevirib, həyatını təhlükəyə atıb. Rejim tərəfindən izləndiyi üçün sənətçinin həyatı hələ də təhlükə altındadır”.

Müraciətçilər sənətçinin sağlıq durumu ilə bağlı narahatlıqlarını da dilə gətiriblər:

“Xosrov Əmiri 12 ildən artıqdır ki, BMT çətiri altında qaçqındır. Köçürmə prosesi qeyri-müəyyən və məyusedici olub. Bu qeyri-müəyyənlik üzündən illərdir yaşadığı stress onu fiziki və mənəvi cəhətdən dərindən təsirləndirib, səhhətinə böyük ziyan vurub. Bütün bunlarla yanaşı, o, Türkiyədən deportasiya olunaraq 15 gün ərzində ölkəsinə qaytarılma təhlükəsi ilə də üzləşir.

Bu vəziyyət bizi çox kədərləndirir. Onun mədəni, bədii və intellektual ideyaları ilə cəmiyyətimizə töhvə vermək qabiliyyətini davam etdirməsini istəyirik. Bu səbəbdən fiziki və ruhi sağlamlığı bizim üçün son dərəcə vacibdir. Xosrov Əmirinin vəziyyətinin həssaslığını və aktuallığını nəzərə alaraq, sizin qərarınızı gözləyirik”.

Qeyd edək ki, X.Əmiri İzmirdə keçirilən Güney Azərbaycan kültür Günlərində iştirak üçün Köç İdarəsindən izn alıb və sığınacaqdan çıxıb. Lakin izn verilən müddətdən daha gec qayıtdığı üçün idarə onun deportu haqda qərar çıxarıb.

Teqlər: