44 yaşlı azərbaycanlı qadın Könül Hüseyn 4 uşağı ilə Türkiyədə köməksiz vəziyyətdə qalıb.
AzerTimes xəbər verir ki, bununla bağlı o, Miqrasiya İnformasiya Mərkəzinə müraciət edib və kömək istəyib.
O bildirib ki, 4 qız uşağı ilə gecələri küçədə qalmağa məcbur olur.
Özünün və uşaqlarının sənəd problemi olduğu üçün vətənə də qayıda bilmir.
Bakıda anadan olan Könül Hüseyn 2007-ci ildə İraq vətəndaşı Hüseyn Kamalla tanış olub, rəsmi nikaha girib. İlk qızı 2008-ci ildə Bakıda dünyaya gəlib. Lakin əri burada iş tapa bilmədiyindən İraqa, Kərkük şəhərinə köçüblər. Orda döyüşlər getdiyi və ailədə şiddət gördüyü üçün boşanmağa və qaçmağa cəhd edən Könül sonda əri ilə yenidən Bakıya qayıdıb. Burda 3-cü övladı dünyaya gəlib. Onlar Bakıda Könülün ailəsinin dəstəyi ilə yaşayıblar. Ailədaxili problem və işsizlik səbəbindən 2012-ci ildə yenidən Türkiyəyə üz tutublar. Ərinin qardaşı Türkiyədə yaşadığından burda dolana biləcəklərinə ümid ediblər.
Türkiyədə ailənin 4-cü övladı doğulub.
Uşaqların atası bu il avqustun 10-da ailəsini xəbərsiz tərk edərək, yoxa çıxıb. Onun harda olduğu məlum deyil.
Ayrı-ayrı vaxtlarda müxtəlif ölkələrdə doğulduqları üçün uşaqlardan biri İraq, biri Türkiyə, ikisi Azərbaycan vətəndaşıdır.
Hazırda İstanbulda köməksiz vəziyyətdə olan Könül vətənə, ailəsinin yanına qayıtmaq istəsə də, uşaqların başqa ölkə vətəndaşı olması buna əngəl yaradır. 2 uşaq atasının icazəsi olmadan Türkiyədən çıxarıla bilməz.
Könülün Türkiyədə otel və ya kirayədə qalmağa pulu yoxdur. Onlar İstanbulda küçədə gecələyir.
Uşaqların sənədlərinin düzəlməsi və ya atanın tapılıb razılıq alınması, rəsmi sənədləşmə üçün azı 3-6 ay vaxt lazımdır. Azərbaycanda da ona yardım edəcək kimsə yoxdur.
O, imkanı olanlardan ən azı bir yer tapıb uşaqları ilə müvəqqəti yaşaması üçünTürkiyədə, İstanbulda yaşayan imkanlı azərbaycanlılardan dəstək gözləyir.
Qadın açıqlamasında bildirib ki, rəsmi şəkildə boşanmaq, uşaqlarını saxlamaq və məktəbə aparmaq üçün yaşayış yerinə görə çalışır:
“Mənə təcili olaraq, boşanma lazımdır. Əgər mən boşansam, uşaqlarıma daha çox dəstək ola bilərəm. Pasportumun vaxtı bitib. Mənə vəkil lazımdır ki, məhkəmə işlərimi həll etsin. Bunun üçün Bakıda vəkil tutub etibarnamə ilə vəkalət vermək istəyirəm. Hazırda küçədəyik. Bizə dedilər çıxın, çıxdıq. Əgər ev, iş olsa, mən uşaqlarımı başıma yığıb, işləyib sənədlərim, boşanmam bitənə kimi özümü idarə edə bilərəm. Ondan sonra rahat şəkildə ölkəmə qayıdaram. Burda qadın, uşaq sığınacaqlarının sərt qanunları var. Mən neçə dəfə əvvəllər körpə uşaqlarla qaçıb orda qalmışdım. Orada telefonu əlimdən alıb, sanki türmədə saxlayırmış kimi saxlayırlar. Çölə çıxmağa icazə vermirlər. Mən isə sənəd işinin dalınca getməli, işləməli, uşaqları oxutmalıyam. Ona görə mənə təcili kiçik ev, sığınmağa yer və iş lazımdır. Qalan hər şeyi özüm edərəm.
Burda qalmaqdan da çox qorxuram, Bakıya qayıtmaqdan da.
Ərimin psixoloji vəziyyəti pisdir. Ağlına düşsə, tapıb mənə nəsə edə bilər. Böyük qızımı qaçıra, uşaqları oğurlaya bilər. O, şiddətə meyillidir və ərə getdiyim gündən məni döyüb, boğub və xəsarətlər yetirib. Bunu ailəsi də bilir, qardaşı da, polislər də”.