Rusiyalı iş adamları, “İnterros”un rəhbəri Vladimir Potanin və “Lukoyl”un sabiq prezidenti Vahid Ələkbərov “Yandeks”in Rusiyadakı nəzarət səhmlərini 7-7,5 milyard dollara onlara satmaq barədə təklif göndərib.
AzerTimes Musavat.com-a istinadən xəbər verir ki, bu barədə “Blumberg” anonim mənbələrə istinadən məlumat yayıb.
“Yandeks”in Rusiyadakı və xaricdəki aktivlərinə nəzarət edən Hollandiya Yandeks N.V.-nin Direktorlar Şurası təklifin müzakirəsini gələn həftə Dubayda bir sıra görüşlərdən sonra verə bilər.
Agentliyin həmsöhbətləri qeyd edirlər ki, tərəflərin sövdələşmə üzrə razılığa gələcəkləri gözlənilir.
“Yandeks”, Potanin və Ələkbərovun nümayəndələri danışıqlarla bağlı məlumatı şərh etməkdən imtina ediblər.
Söhbət 560-600 milyard rubl (7-7,5 milyard dollar) dəyərində qiymətləndirilən “Yandeks”in Rusiya biznesinin ən azı 51%-ni almaqdan gedir.
Məlumata görə, “Yandeks”in əsas hüquqi şəxsi, həm Rusiya, həm də xarici aktivlərini idarə edən “Yandeks N.V.” dost olmayan Hollandiyanın yurisdiksiyasındadır.
Hökumətin xarici səhmdarların Rusiya aktivlərindən çıxması ilə bağlı tələblərinə əsasən, 50% endirim tətbiq edilməlidir. Müvafiq olaraq, 560-600 milyard rubl da məhz 50 faiz endirimlə olan qiymətləndirmədir. Əvvəlki qiymət iki dəfə yüksək – yəni 1,1-1,2 trilyon rubldur. İndi Moskva Birjasında yalnız Hollandiya “Yandeks”inin səhmləri satılır və Nyu-York Birjasında ticarət dayandırılıb.
Bütün “Yandeks”in cari bazar kapitallaşması 725,5 milyard rubl təşkil edir.
Xəbər “Blumberg”də dərc edildikdən sonra “Yandeks”in Moskva birjasında səhmləri artmağa başlayıb. Səhmlərin dəyəri 11,8% artaraq 2271,4 rubla çatıb. İndi şirkətin əsas səhmdarı “Yandeks”in təsisçisi Arkadi Volojun ailəsinə məxsus “LASTAR Trustə” aiddir. Səhmlərin 45,1%-nə və nizamnamə kapitalının 8,5%-nə onlar nəzarət edir. Səhmlərin 46,5%-i və nizamnamə kapitalının 87,9%-i sərbəst dövriyyədədir. “Yandeks”in əsas fəaliyyət istiqamətləri axtarış, e-ticarət və nəqliyyatdır.