Azərbaycanlı məktəblilər TEKNOFEST-də bərpa olunan enerji mənbələri sahəsində layihə təqdim edəcək (VİDEO)

TEKNOFEST
Beynəlxalq aviasiya, kosmos və texnologiya festivalı çərçivəsində
azərbaycanlı məktəblilər bərpa olunan enerji mənbələri sahəsində
layihə təqdim edəcək.

Bunu AzerTimes-a TEKNOFEST-in iştirakçısı olan “Gənc istedadlar”
komandasının məsləhətçisi Orxan Gülməmmədov deyib.

Onun sözlərinə görə, bu gün dünya sənayesinin inkişafının
prioritet istiqamətlərindən biri alternativ enerji mənbələridir və
“Gənc istedadlar” komandasının layihəsi bu sahə ilə əlaqəlidir.

“Bizim layihəmiz elektrik enerjisinin generasiyasına və onun
təhlükəsiz istifadəsinə yönəlib. Gələcəkdə biz vətəndaşlarımızın
enerjidoldurma qurğuları üçün elektrik enerjisi istehsal edə
biləcək sensor panelləri hazırlamağı planlaşdırırıq. Bundan başqa,
biz mobil qurğular və planşetləri şarj edə biləcək modelin
yaradılmasını planlaşdırırıq”, – deyə O.Güləhmədov bildirib.

“Gənc istedadlar” komandasının üzvü Tamilla Süleymanova öz
növbəsində deyib ki, TEKNOFEST Beynəlxalq aviasiya, kosmos və texnologiya
festivalı komandaya bu sahədən mütəxəssislərlə fikir mübadiləsi
aparmağa, eləcə innovasiya və texnologiyalar sahəsində təcrübə əldə
etməyə imkan verəcək.

“Gənc istedadlar” komandasının digər üzvü Misir Hüseynli
əminliklə bildirib ki, komanda müsabiqənin final mərhələsində
yüksək yerlər tutacaq.

“İnanıram ki, komandamız iştirakçıların ilk üçlüyündə öz yerini
tutacaq. Hesab edirəm ki, layihəmizdə istifadə olunan innovasiya və
texnologiyaların geniş spektri buna maraq oyatmağa imkan verəcək”,
– deyə o bildirib.

Onun sözlərinə görə, uğur əldə olunacağı təqdirdə qrant
vəsaitləri layihənin gələcək inkişafına yönəldiləcək.

TEKNOFEST
festivalında layihəmizin uğurlu nümayişi bizə nəinki yerli bazarda
inkişaf etməyə imkan yaradacaq, həm də beynəlxalq bazarlara çıxış
üçün stimul olacaq”, – M.Hüseynli deyib.

Qeyd edək ki, “Teknofest” mayın 26-29-da Azərbaycanda
keçiriləcək.

Bakıda “Teknofest” Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və
Nəqliyyat Nazirliyi tərəfindən keçirilir. Eyni zamanda Bakıda
Teknofest” in “prodakşn” ofisi fəaliyyət göstərir. Ofisin tam heyəti azərbaycanlı
mütəxəssislərdən ibarətdir.

Teknofest
tədbiri Türkiyə Respublikası Sənaye və Texnologiya Nazirliyinin və
“Baykar Makina” şirkətinin texniki direktoru Selçuk Bayraktarın
rəhbərlik etdiyi Türkiye Teknoloji Takımı Vakfının (T3 Vakfı) birgə
təşkilatçılığı və qardaş ölkənin 60-dan çox dövlət qurumu, ali
məktəbi və özəl şirkətinin tərəfdaşlığı ilə 2018-ci ildən etibarən
hər il keçirilir.

Məqsəd Türkiyədə aviasiya, kosmik sənaye, rəqəmsal iqtisadiyyat
kimi sahələrin gənclər arasında təbliği, bu sahələrdə sahibkarlığın
təşviq edilməsi, festival çərçivəsində təşkil olunan yarışlar
vasitəsilə gənc mühəndislərin bilik və bacarıqlarının üzə
çıxarılması, eləcə də milli texnologiyaların geniş ictimaiyyətə
təqdim olunmasıdır.

Trend
İnformasiya Agentliyi, Day.Az, Milli.Az, Azernews, Eastweststream, Today.azTurkic.World “Teknofest 2022” aerokosmik və
texnologiya festivalının rəsmi media tərəfdaşlarıdır.

Teqlər: