Azərbaycanlı jurnalistlər üçün Ankarada keçirilən təlimlərin doqquzuncu gününə yekun vurulub (FOTO)

Anadolu Agentliyinin, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA), Türkiyə Polis Akademiyasının və Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) birgə təşkilatçılığı ilə Ankarada “Müharibə dövründə jurnalistika” mövzusunda təlimlər davam edir.

AzerTimes-ın məlumatına görə, təlimlərin doqquzuncu günündə – avqustun 18-də iştirakçılara müharibə dövründə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığın artırılması və helikopterin tətbiqi mövzusu tədris olunub.

Avqustun 20-dək davam edəcək təlimlərə Azərbaycandan 24 jurnalist qatılıb. Təlimlərdə AzerTimes-ın əməkdaşı Elgün Mənsimov da iştirak edir.

Təlimlərin məqsədi jurnalistlərin müharibə, təbii fəlakətlər, böhran və fövqəladə vəziyyətlər zamanı peşəkarlığının artırılmasıdır. Təlimlərdə müharibə, təbii fəlakətlər, fövqəladə vəziyyət və böhran vəziyyətlərində jurnalistlərin təhlükəsizliyi, davranış qaydaları və fəaliyyəti, müharibə nəzəriyyəsi və terminologiyası, kimyəvi və bioloji silahların tətbiqi zamanı qorunma, ilk yardımın göstərilməsi, suda həyatda qalma, hava və dəniz əməliyyatları, xəritənin oxunması, sosial hadisələr, qaçqın düşərgələri, fövqəladə hallarda texnologiya və informasiya təhlükəsizliyi, inandırma strategiyaları, avtomobilin idarə olunması, girov götürülmə simulyasiyaları, pusqudan müdafiə üsulları, fövqəladə hallarda media idarəçiliyi, yayım prinsipləri və digər mövzularda 26 dərs keçiriləcək. Dərslərin 60 faizi praktiki hissədən ibarət olacaq. Bununla yanaşı, media nümayəndələri riskli bölgələrdə təşkil olunacaq təlimlərə də qatılacaqlar.

Təlimləri uğurla başa vuran jurnalistlər beynəlxalq səviyyədə tanınan “Hərbi jurnalistika sertifikatı” ilə təltif olunacaqlar.

Anadolu Agentliyinin Xəbər Akademiyası tərəfindən 2012-ci ildən indiyədək təşkil edilən təlimlərə 118-i əcnəbi olmaqla, 327 media nümayəndəsi qatılıb.

Teqlər: