Azərbaycanın yeganə fransızdilli mətbu orqanı “Le Carrefour” (Yol qovşağı) qəzetinin təsisçisi, www.lecarrefour.az saytının rəhbəri, fransızdilli jurnalist Zeynab Kazımovanın Fransanın “Turquie-news.com” xəbər portalında “ Qarabağdakı minalanmış ərazilərin xəritələri haradadır? ” (Ou sont des cartes des territoires minés au Karabagh ?) başlıqlı məqaləsi yayımlanıb.
AzerTimes-ın məlumata görə, məqalədə Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbədən sonra Qarabagda ermənilər tərəfindən minalanmış ərazilərin xəritəsinin bu günədək Azərbaycana təhvil verilməməsi məsələsi qabardılır və Ermənistanin minalanmış ərazilərin xəritəsini verməməklə beynəlxalq hüququn prinsiplərini pozduqları qeyd olunur.
Müəllif yazır ki, müharibədən aylar keçməsinə baxmayaraq, Ermənistan tərəfi azad edilmiş ərazilərdəki minaların xəritəsini verməkdən imtina edir. Üçtərəfli bəyanat imzalandıqdan sonra müharibə dayandırılsa da, Ermənistanın hərbi cinayətləri bu minalar nəticəsində insan tələfatı ilə davam edir. Qarabağda mina partlaması nəticəsində 22 azərbaycanlı mülki və hərbçi həlak olub, 100 nəfər yaralanıb. Müəllif tank əleyhinə mina nəticəsində iki rus hərbçinin yaralanması faktına da diqqət çəkərək, ilkin hesablamalara görə, partlamamış hərbi sursatların döyüş sahəsindən təmizlənməsi 5-6 il, minalardan tam təmizlənməsinin isə 10-13 il çəkəcəyini bildirir.
Beynəlxalq mediada yayımlanan “Ermənistan Qarabağda və ətrafında mina qoymağa 350 milyon dollar xərclədi” sərlövhəli məqaləyə istinad edən müəllif “Ermənilər minalara 300 milyon dollardan çox pul xərcləyiblərsə, bu pullar haradan gəlib? Erməni lobbisinin pulu minalara gedib, yoxsa ermənilərə xərclənib ?”- deyə istehza ilə sual verir.
Z.Kazımova məqalədə Ermənistanın qeyri-insani addım ataraq ziyarətgahları və qəbiristanlıqları yerlə yeksan etdiyini və minaladığını da bir daha diqqətə çatdırır. “Beynəlxalq birliyin susması Ermənistana mülki əhali və tank əleyhinə mina xəritələrini gizli saxlamağa imkan verir” – deyə məqalədə vurğulanır.
Sonda jurnalist bir daha Ermənistanın 12 Avqust 1949-cu il tarixli Cenevrə Konvensiyasını, habelə Konvensiyanın İkinci Protokolunu, həmçinin Birləşmiş Millətlər Təşkilatının 1999-cu il tarixli Konvensiyasının müddəalarını ciddi şəkildə pozduğunu qeyd edir.
Məqalə sözügedən xəbər portalının manşetində yerləşdirilib, həmçinin sosial şəbəkə hesablarında da yayımlanıb.
https://www.turquie-news.com/ou-sont-des-cartes-des-territoires-mines-au