Azərbaycanlı İranda prezident seçilsə… – Bakıdan baxış

Azərbaycanlı İranda prezident seçilsə… – Bakıdan baxış

“İslahatçı” kimi tanınan Azərbaycan türkü, həm də öz milli kimliyini dərk edən, onunla fəxr edən Məsud Pezeşkianın hansı motivlə edilməsindən asılı olmayaraq, seçkilərə buraxılması özlüyündə mütərəqqi hadisədir.

AzerTimes xəbər verir ki, bu sözləri ƏHD sədri Qüdrət Həsənquliyev İranda prezident seçkilərinin ötən gün baş tutan birinci turunu qiymətləndirərkən deyib.

O bildirib ki, Pezeşkianın qalib gələcəyinə ümid azdır:

“Əhalinin əhəmiyyətli bir hissəsi seçki institunun olmasına inanmır, əmindir ki, seçkilərin nəticələri saxtalaşdırılır və buna görə də seçkilərə qatılmır. Azadlıq istəyən fars millətindən olan bir qrup seçici Məsud bəyə ikinci turda səs verə bilər, amma millətçi fars çoxluğu ona səs verməyəcək, digər namizədlər ona qarşı birləşirlər, ehtiyac duysalar, nəticələrə müdaxilə olunacaq.

Onu qeyd edim ki, Məsud bəyin seçilməsi İrana nəfəslik ola, Türkiyə və Azərbaycanla İranın münasibətlərini daha üst səviyyəyə qaldıra, Qərblə münasibətləri yumşalda bilərdi. İranda yaşayan xalqlar milli hüquqlarından, ana dilində yazıb-oxumaq hüququndan, mədəniyyətlərini inkişaf etdirmək və yerli özünüidarəetmədən məhrum edildiyi üçün daxildə böyük bir gərginlik var. Məsud bəy bu istiqamətdə də vəziyyəti yumşalda bilər. Onun Təbrizdə keçirdiyi mitinqdə Rəşid Behbudovun “Azərbaycanım” mahnısının səsləndirilməsinin özü belə böyük siyasi əhəmiyyət daşıyan hadisədir”.

Onun sözlərinə görə, hazırda hər şey ali dini liderin nə dərəcədə müdrik qərar qəbul etməsindən asılı olacaq: İslahatlar yolu, yoxsa inqilaba, qanlı qarşıdurmalara qədər davam.

Qeyd edək ki, İranda prezident seçkilərinin ikinci turu 5 iyulda keçiriləcək. İkinci turda birinci turun lideri Məsud Pezeşkian və Səid Cəlili mübarizə aparacaq.

Teqlər: