Azərbaycanlı gimnastların Yay Olimpiya Oyunlarında iştirakı böyük və əlamətdar hadisədir – Rafiq Behbudov

Xəbər - Cani Babayeva – Trend:

Azərbaycanlı gimnastların Tokio 2020 Yay Olimpiya Oyunlarında iştirakı böyük və əlamətdar hadisədir.

Bunu AzerTimes-a Azərbaycan Gimnastika Federasiyası İcraiyyə Komitəsinin üzvü, Heydər Əliyev adına İdman-Konsert Kompleksinin direktoru Rafiq Behbudov deyib.

Onun sözlərinə görə, azərbaycanlı gimnastların Olimpiya oyunlarında və digər mühüm yarışlarda iştirakı gənc idmançıların inkişafı üçün böyük stimuldur: “Gənc idmançılar görür ki, azərbaycanlı gimnastlar beynəlxalq turnirlərin qalib və mükafatçıları olur, medallar qazanır və onlarda daha yaxşı çıxış etmək üçün həvəs yaranır. Azərbaycanda irimiqyaslı beynəlxalq gimnastika yarışlarının keçirilməsi isə bu idman növünün populyarlaşmasında mühüm rol oynayır”.

Olimpiya oyunlarında iştirak edən bədii gimnastika üzrə Azərbaycan milli komandası barədə danışan R.Behbudov bildirib ki, komanda çox yaxşı və perspektivlidir: “Zöhrə Ağamirova çox bacarıqlı idmançıdır. O, hələ çox gəncdir və ustalığını artırmaq üçün vaxtı var. Qrup hərəkətlər üzrə komandaya gəldikdə isə, fikrimcə onlar layiqli yer tutacaq. Bizim bədii gimnastika üzrə yaxşı komandamız və məşqçimiz var”.

O vurğulayıb ki, Mehriban Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycan gimnastikasına münasibət kökündən dəyişdi, bu sahədə uğurlu inkişafın əsasları qoyuldu: “Gimnastika Azərbaycanda populyarlıq və kütləvilik qazandı. Bu, ölkədə gimnastikanın inkişafı üçün zəruri şəraitin yaradılması sayəsində baş verdi. Bakıda çox gözəl Milli Gimnastika Arenası tikilib, burada idmançıların məşqləri və irimiqyaslı beynəlxalq yarışların keçirilməsi zəruri şərait yaradılıb”.

(Tərcümə: Orxan Nəbiyev)

Teqlər: