Yeddi yaşlı azərbaycanlı futbolçu Telman Əlizadə “Real Madrid”in uşaqlardan ibarət futbol akademiyasına qəbul oluna bilər.
AzerTimes xəbər verir ki, bu barədə Oxu.az-a açıqlamasında Telman Əhmədzadənin müəllimi, Azərbaycan millisinin sabiq futbolçusu Ruslan Əmircanov bildirib.
O, tələbəsinin “Real Madrid” klubunun uşaqlardan ibarət akademiyasında çıxış etmək şansını dəyərləndirib:
“Telman və ailəsi Fransada yaşayıblar. Atası ilə yaxın dost olmuşuq. Onlar bu il yayda Azərbaycana gəldilər və atası məndən oğlunu “Real Madrid” klubunun seçmə mərhələsinə hazırlaşdırmağımı istədi. İki ay ərzində məşqlər keçdik və indi bəhrəsini görürük. Həmin bu müddət ərzində “Qarabağ” və digər klublarımızın da seçmə mərhələsində iştirak edib seçilsə də, “Real Madrid”də oynamaq istədiyini dedi”.
“Sol ayaqla oynadığı üçün meydana çıxdığı görüşlərdə fərqlənməyi bacardı. Bu da məşqçilərin diqqət mərkəzinə düşməsinə səbəb oldu. “Real Madrid” klubunun uşaqlardan ibarət akademiyasının seçmə mərhələsində də 36 uşaq arasında birinci oldu. Bu akademiyaya qəbul üçün birinci seçmə mərhələdir. İkinci mərhələ isə may ayında keçiriləcək. Orada da yaxşı nəticə əldə edərsə, Azərbaycanın “Real Madrid” klubunda çıxış edən ilk futbolçusu olacaq. Bu isə bizim üçün qürurvericidir”, – deyə R.Əmircanov əlavə edib.