Xəbər - Samir Əli – Trend:
Bu gün Yasamal rayon Məhkəməsində birinci Qarabağ müharibəsində azərbaycanlı əsirlərə işgəncə vermiş və digər cinayətlər törətmiş erməni yaraqlıları Mkrtiçyan Lüdvik Mkrtiçoviç və Xosrovyan Alyoşa Aramaisoviçin cinayət işi məhkəmə prosesi davam etdirilib.
AzerTimes-ın məlumatına görə, Bakı Hərbi Məhkəməsinin hakimi Elbəy Allahverdiyevin sədrliyi ilə keçirilən prosesdə prosesdə prokurorun suallarını cavablandıran Lüdvik Mkrtçyan bildirib ki, silahlı birləşmənin tərkibində könüllü Qarabağa gəlib:
“Döyüşlərdən sonra mən Ermənistanı tərk edib xaricə getmişəm”.
2016-cı ilin aprel döyüşlərində iştirak etdiyini deyən L. Mkrtçyan bildirib ki, aprel döyüşlərinə təmsil olunduğu təşkilatdan gəlib: “Həmin təşkilat xaricdə yaşayan ermənilər tərəfindən maliyyələşir. Onlar da aprel döyüşlərində məni ora cəlb etdilər. 1993, 2016 və 2020-ci illərdə ermənilər tərəfdən müharibədə iştirak etmişəm. Ermənistan tərəfindən döyüşlərdə iştirak etdiyim üçün 5 medalla təltif olunmuşam. Döyüşdüyümə görə aylıq maaş alırdıq. Mən Azərbaycan xalqından üzr istəyirəm. Məni bağışlasınlar”.
Prosesdə prokurorun suallarını cavablandıran təqsirləndirilən Alyoşa Xosrovyan isə bildirib ki, 1993-cü ildə Azərbaycanla Ermənistanın sərhədində dayanıb: “Sərhədi mühafizə etmişəm. O vaxt hərbi forma tapılmırdı. Kim nə tapırdı geyinirdi. Mən də mülki olsam da könüllü olaraq sərhəd mühafizəsinə qoşulmuşam.
Döyüşlərdə könüllü iştirak etməmişəm, məcburiyyətdən azyaşlı uşağım olduğu üçün pul qazanmaq məqsədilə döyüşlərə getmişəm. Özümü günahkar hesab edirəm ki Azərbaycan sərhədini pozmuşam. 53 yaşımda Azərbaycan sərhədini məcburiyyətdən pozmuşam. Pul qazanmağa məcbur idim. Mən hamıdan üzr istəyirəm”.
Prosesdə təqsirləndirilən şəxslərin yalan danışdığını deyən zərərçəkmiş Famil Əliyev isə bildirib ki, Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan müharibə bitəndən sonra da erməni hərbi birləşməsinin tərkibində olub və azərbaycanlı əsirlərə işgəncələr verib: “Ermənilər döyüşdə çox itki vermişdi, onların meyitlərini Şuşa həbsxanasına gətirdilər. Mkrtçyan da orda idi. Onda bizi amansızlıqla döydülər. İyun ayında Şuşada erməni zabitin toyu idi, bu da hərbçi kimi orada iştirak edirdi. Bunlara ermənilərin “ASALA”sı deyirdilər. Bunlar azərbaycanlılara xüsusi işgəncə verən kimi hörmətli hərbçilər idi”.
Zərərəçəkmiş Cavid Hüseyn isə deyib ki, 1995-ci ilin mart ayının 21-də Şuşa türməsində onun gözünün çıxarılması prosesində Lüdvik Mkrtçyan və Alyoşa Xosrovyan iştirak ediblər: “Qarik mənim gözümü çıxaranda mənim əllərimi divara Mkrtçyan və Xosrovyan bağlayıb. Həmin vaxt bunlar ikisi də türmədə bizə işgəncə verirdilər”.
Daha sonra prosesdə sənədlərin tədqiqi başlayıb.
Proses iyulun 14-də davam etdiriləcək.
Qeyd edək ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsində qanunsuz fəaliyyət göstərən erməni separatçı rejiminin silahlı birləşmələri və Ermənistan Respublikasının Silahlı Qüvvələri tərəfindən Azərbaycan Respublikasının işğal altında olmuş ərazilərində azərbaycanlılara qarşı törədilmiş sülh və insanlıq əleyhinə, müharibə cinayətləri ilə bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə Hərbi Prokurorluqda cinayət işinin istintaqı zamanı əsirlərin və beynəlxalq humanitar hüquqla müdafiə olunan digər şəxslərin girov saxlanması, onlara işgəncə verilməsi, qəddar və qeyri-insani rəftar edilməsi faktları müəyyən olunub.
Belə ki, istintaqla müəyyən edilib ki, Ermənistan Respublikasının vətəndaşı, 1969-cu il təvəllüdlü Mkrtiçyan Lüdvik Mkrtiçoviç Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsində yaşayan, habelə Ermənistan Respublikasından gəlmiş millətçi ermənilərdən ibarət yaradılmış silahlı qrupların fəaliyyətində iştirak edib onlarla qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək 1991-ci ilin iyul ayında Xocalı şəhəri yaxınlığındakı “Ballıca” adlandırılan meşədə girov götürüb qanunsuz olaraq azadlığı məhdudlaşdırılan Azərbaycan vətəndaşına, habelə 13 sentyabr 1999-cu il tarixdə Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində girov götürülərək Ermənistan Respublikasının İrəvan şəhərinə gətirilmiş və həmin şəhərdə yerləşən hərbi hissələrin birində qanunsuz saxlanılan mülki şəxsə Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən sorğu-sual edilən zaman tərcüməçi kimi iştirak edərkən işgəncə verib.
İstintaqla o da müəyyən olunub ki, Lüdvik Mkrtiçyan tərəfindən daha 11 nəfər əsir götürülüb. Azərbaycan vətəndaşının müxtəlif vaxtlarda Xocavənd və Ağdərə rayonları ərazisində, Şuşa həbsxanasında və Ermənistanın İrəvan şəhərində qanunsuz saxlanıldığı yerlərdə döyülərək müxtəlif xarakterli işgəncələrə məruz qaldığı və Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusunun avtomat silahdan atəş açılaraq öldürüldüyü müəyyən edilib.
Lüdvik Mkrtiçyan 20 oktyabr 2020-ci il tarixdə Füzuli rayonunun Məlikcanlı kəndi ərazisində Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçuları tərəfindən saxlanılaraq ələ keçirilib.
Aparılan istintaq tədbirləri nəticəsində Lüdvik Mkrtiçyanla birlikdə azərbaycanlılara qarşı amansız rəftar edərək onlara işgəncələr vermiş Ermənistan Respublikasının vətəndaşı, 1967-ci il təvəllüdlü Xosrovyan Alyoşa Aramaisoviçin də cinayətkar əməlləri ifşa olunub.
İstintaqla Alyoşa Xosrovyanın 5 nəfər azərbaycanlıya əsirlikdə olduqları müddətdə işgəncə verməsi, onlarla qəddar və qeyri-insani rəftar etməsi müəyyən edilib.
Belə ki, Alyoşa Xosrovyan 1994-cü ilin aprel ayında Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsir düşmüş sabiq əsgərini Xocavənd rayonunun Mısmına (Ağbulaq) kəndindəki yaşayış evlərinin birində qanunsuz olaraq saxlanılan zaman, qondarma Dağlıq Qarabağ Respublikasının Müdafiə naziri Babayan Samvel Andranikoviç üçün həmin kənddə evin tikintisində ağır işlərin görülməsinə məcbur edib ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Bundan başqa, Alyoşa Xosrovyan Azərbaycan Silahlı Qüvvələrinin 1993-1994-cü illər ərzində əsir düşərək Şuşa şəhər həbsxanasında qanunsuz olaraq saxlanılan əsgərlərinə qarşı da xüsusi qəddarlıq nümayiş etdirərək onlara mütəmadi olaraq döymə, ac-susuz saxlama, fiziki və psixi iztirablar yetirməklə işgəncə verib.
Alyoşa Xosrovyan Azərbaycan Respublikasının ərazisində kəşfiyyat xarakterli hərəkətlər apararkən 03 oktyabr 2020-ci il tarixdə Azərbaycan silahlı bölmələrinin hərbi qulluqçuları tərəfindən ələ keçirilib.
Lüdvik Mkrtiçyan və Alyoşa Xosrovyanın Cinayət Məcəlləsinin 113 (işgəncə), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 279.1 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma), 318.2 (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) və digər maddələri ilə nəzərdə tutulan cinayətləri törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən onlara həmin maddələr üzrə ittiham elan edilməklə barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
20.05.2021-ci il tarixdə tarixdə iş üzrə ittiham aktı təsdiq edilərək baxılması üçün Bakı Hərbi Məhkəməsinə göndərilib.
Hazırda cinayət işi üzrə digər şəxslərin cinayətkar əməllərinin ifşa edilərək məsuliyyətə cəlb olunması istiqamətində kompleks tədbirlər davam etdirilir.
Azərbaycan Respublikası Baş Prokurorluğu bəyan edib ki, Ali Baş Komandan İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq törədildiyi vaxtdan asılı olmayaraq sülh və insanlıq əleyhinə, müharibə cinayətləri törətmiş şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək.