Azərbaycanlı ədibin pyesi İstanbulda tamaşaya qoyulub (FOTO)

İstanbulda fəaliyyət göstərən Türkiyə–Azərbaycan Vizyon Teatrı Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin “Yeyərsən qaz ətini, görərsən ləzzətini” tamaşasını təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən AzerTimes-a verilən məlumata görə, tamaşa görkəmli yazıçının 150 illik yubileyinə və teatrın 5 illiyinə həsr olunub. Əsərin ssenarisi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) dəstəyi ilə Türkiyə türkcəsinə çevrilib. Tamaşa böyük maraqla qarşılanıb.

Səhnə əsərinin rejissoru Mine Bayrakeri, quruluşçu rəssamı Tariyel Əlizadə, musiqi tərtibatçısı Arda Dobrucali, kostyum-dekoru Lətafət Rafiqqızı, baş koordinator meneceri Elşad Haqverdi, xoreoqrafı Rafiz Mehdizadə, baş rejissoru Elçin İmanov, teatrın rəhbəri isə Kəmalə Kamaldır.

Baş koordinator meneceri E.Haqverdi bildirib ki, kollektiv bu tamaşanı Azərbaycanda təqdim etməyi səbirsizliklə gözləyir: “Ən böyük arzumuz isə mədəniyyətimizin beşiyi olan Şuşada bu tamaşa ilə çıxış etməkdir”.

Qeyd edək ki, hazırda teatr Avropanın müxtəlif ölkələrində bir sıra festivallara hazırlaşır.

Teqlər: